Evlər vətəndaşlar içəridə ola-ola sökülür? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - VİDEO

21 Oktyabr 2024 17:18

Bakının Yasamal rayonu, Alatava-1, 128b ünvanında yerləşən yaşayış binasının sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərə aydınlıq gətirilib.

Milli.Az bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verir.

Bildirilib ki, 2024-cü ilin aprel ayından etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində həmin ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bir neçə dəfə akşar edilib.

"Özbaşına fəaliyyətin dayandırılması istiqamətində lazımi tədbirlərin görülməsi üçün aidiyyəti icra hakimiyyəti orqanlarına rəsmi sorğular göndərilib.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən görülmüş operativ tədbirlər nəticəsində Alatava yaşayış məntəqəsində başlanılmış özbaşına söküntü işləri tamamilə dayandırılmış və ərazi ciddi nəzarətə götürülüb",- deyə qurumdan məlumat verilib.

-------

13:16

Bakının Yasamal rayonu, Alatava 1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işlərinin aparıldığı deyilir. 

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bir neçə həftə əvvəl çəkildiyi deyilən videodan görünür ki, vətəndaşlar eyvanda dayanaraq söküntü prosesini izləyirlər. Onların çığırtılarından bilinir ki, söküntü haqda əvvəlcədən məlumatları olmadıqları üçün evlərini tərk edə bilməyiblər. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza bildirib ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciətlər daxil olub. Araşdırma aparılır.

İddialara görə, söküntünü həyata keçirən "Melissa" tikinti şirkətidir. Yayılmış görüntülərlə əlaqədar şirkətlə əlaqə saxlasaq da, açıqlama verilməyib. 

Xatırladaq ki, ötən ay da həmin ərazidə yaşayan bəzi sakinlər onların xəbəri olmadan evlərinin söküldüyünü bildirmişdilər. 

Milli.Az