COP29-da iştirak üçün 3000-ə yaxın media nümayəndəsi qeydiyyatdan keçib

21 Oktyabr 2024 12:34

Bu günə qədər COP29-da iştirak etmək üçün təxminən 3000 media nümayəndəsi qeydiyyatdan keçib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda "ESG hesabatlarının anlaşılması və təhlili [ekoloji, sosial və korporativ idarəetmə]" mövzusunda keçirilən seminarda bildirib.

"COP29 konfransı həm yerli, həm də beynəlxalq medianın diqqətini çəkir. Hazırda dünya mətbuatının 3 minə yaxın nümayəndəsi artıq qeydiyyatdan keçib. Onların arasında yerli media nümayəndələri də var. BMT-nin "mavi" zonasında işləmək üçün akkreditasiya oktyabrın 21-də başa çatır. Bundan əlavə, jurnalistlər üçün "yaşıl" zona üzrə akkreditasiya prosesi bu yaxınlarda başlayıb və oktyabr ayının sonunda başa çatacaq. Hazırda "yaşıl" zonada işləmək üçün 150-yə yaxın akkreditasiya müraciətimiz var", - o bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun