Ceyhun Bayramov və Fidan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

18 Oktyabr 2024 17:59

18 oktyabr 2024-cü il tarixində Azərbaycan Reapublikasının xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşüb.

XİN-dən Milli.Az-a verilən məlumata görə, görüşdə, Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qlobal təhlükəsizlik problemləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov qardaş Türkiyə Respublikasına 3+3 formatının növbəti görüşünə ev sahibliyinə, görüşün təşkilatçılığı və səmimi qonaqpərvərliyə görə təşəkkür edib. Bölgədə və dünyada sürətlə dəyişən təhlükəsizlik vəziyyətinin fonunda bu kimi məşvərət mexanizmlərinin əhəmiyyətinin daha da artdığı, bölgəmiz üçün ortaq təhdidlərlə mübarizədə əməkdaşlığın vacibliyi qeyd olunub. Bu istiqamətdə, Azərbaycan-Türkiyə müttəfiqliyinin, regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, sülh prosesinin qarşısında duran çağırışların hələ də qalmaqda olduğunu bildirib. Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin, habelə Ermənistan tərəfindən bu istiqamətdə sistematik işlərin görülməsi yerinə, problemin gözardı edilməsinin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin həmkarını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz, görülən hazırlıq işləri barədə məlumatlandırıb.

Türkiyənin qardaş Azərbaycanın bölgədəki sülh və quruculuq səylərini hər zaman dəstəklədiyi, habelə prosesin tezliklə yekunlaşmasına dair ümidvarlıq ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az