Maşını məscidə çırparaq 2 nəfəri öldürən şəxsə hökm oxundu

18 Oktyabr 2024 13:26

Ötən il dekabrın 29-na keçən gecə saat 02 radələrində "Kia" markalı avtomobilin idarəetməsini itirərək "Heydər" məscidinin divarına çırpan sürücüyə hökm oxunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1999-cu il təvəllüdü Müslim Saidov Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, Müslim avtomobili təyin edilmiş həddən sürətli idarə edib. Nəticədə maşın sürüşkən yolda idarəetmədən çıxaraq məscidin divarına çırpılıb. Avtomobildə olan sərnişinlərdən Ədalət Hətəmov hadisə yerində ölüb. Digər sərnişin Nihat Mehdizadə isə 1 ay sonra xəstəxanada vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr tarixli hökmü ilə Müslim Saidova 5 il 6 ay həbs cəzası verilib. İbtidai və məhkəmə istintaqı dövründə polisin nəzarəti altında olan sürücü məhkəmə zalındaca həbs edilib. Onun sürücülük hüququ əlavə olaraq 2 il müddətə məhdudlaşdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun