Gəncədə partlayışda yaralananlarla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - FOTO

18 Oktyabr 2024 09:54

Gəncədə beşmərtəbəli yaşayış binasında partlayış nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 18.10.2024-cü il tarixində Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar 3 nəfər (1-i kişi cinsli, 2-si qadın cinsli olmaqla) saat 07:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

"Onlara zəruri tibbi xidmətlər göstərilib. 1 nəfər (kişi cinsli) vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir", - qurumdan qeyd edilib.

Qeyd edək ki, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

FHN-nin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib. Ölənlər 1962-ci il təvəllüdlü Mehriban Paşayeva və 1980-ci il təvəllüdlü Könül Xudaverdiyevadır.

Hadisə nəticəsində xəsarət alanlar 1999-cu il təvəllüdlü Firuzə Yusibova və 1991-ci il təvəllüdlü Bəxtiyar Orucov və 2004-cü il təvəllüdlü Nuranə Əliyevadır.

-------

09:18

Gəncədə mənzildə başvermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.

Milli.Az bildirir ki, Gəncədə partlayış nəticəsində 1980-ci il təvəllüdlü Könül Xudaverduyeva və 1962-ci il təvəllüdlü Mehriban Paşayeva dünyasını dəyişib.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan və partlayış səbəbdən şoka düşənlər də olub.

Hazırda onlara yerləşdirildiyi xəstəxanada tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

-------

08:46

Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

FHN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

---------
08:15

Gəncədə 5 mərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki,  ölənlərdən biri 1960-ci il təvəllüdlü Mehriban Paşayevadır.

Hadisə nəticəsində xəsarət alanlar Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı və 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğludur.

---------
07:57


Gəncədə yaşayış binasında baş verən partlayış zamanı ölənləri sayı artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 5 mərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya aparılıb.

-----------
07:24


Gəncədə binada partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

5 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində iki nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun