“Qarabağ”da “Ayaks”la oyun öncəsi CİDDİ İTKİ

17 Oktyabr 2024 16:53

"Qarabağ"ın futbolçusu Mateus Silva UEFA Avropa Liqasının Liqa mərhələsində "Ayaks"la keçiriləcək oyunu buraxacaq.

Milli.Az xəbər verir ki, bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Misli Premyer Liqasının 8-ci turunda "Sabah"la oyunda zədələnən braziliyalı müdafiəçi Niderland klubu ilə görüşə qədər də meydana çıxmağa hazır olmayacaq. Digər zədəlilər isə əvvəldən də bəlli olduğu kimi, qapıçılar Şahruddin Məhəmmədəliyevlə Amin Ramazanovdur.

Klub rəsmisi bir müddətdir zədədən əziyyət çəkən Marko Veşoviçin isə "Ayaks"la oyuna qədər sıraya dönəcəyini bildirib. Monteneqrolu müdafiəçi sabah Misli Premyer Liqasının 10-cu turunda "Kəpəz"lə keçiriləcək oyunu buraxsa da, "Ayaks"la görüşdə heyətdə olacaq.

Milli komandanın düşərgəsində zədələnən və heyətdən çıxarılan Bəhlul Mustafazadə isə sıraya dönüb. Müdafiəçi "Qarabağ"ın ümumi məşqlərində iştirak edir.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionundakeçiriləcək "Qarabağ" - "Ayaks" oyunu saat 20:45-də başlayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun