Bu gün dəhşətli Gəncə terrorundan 4 il ötür. O vaxt üz-başı qan olsa da, təbəssümü ilə terrora müqavimət göstərən balaca Bəxtiyarı yəqin ki, hamımız tanıyırıq. "Cəsarət simvolu"na çevrilən Bəxtiyarı xoş siması ilə bir çoxlarımız Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimova bənzətmişik.
Milli.Az xəbər verir ki, AzEdu.az Təhsil Portalı 4 ildən sonra qəhrəman Bəxtiyarla əlaqə saxlayıb, onun hal-əhvalından xəbər tutub.
O, Gəncə şəhər 20 saylı orta məktəbin 3-cü sinif şagirdidir.
Bizlə salamlaşanda onun ilk sözü "Mən özümlə fəxr edirəm" oldu.
Müsahibəni təqdim edirik.
-Salam, Bəxtiyar necəsən, dərslərin necədir?
-Yaxşıyam, dərslərim də yaxşıdır. Yaxşı oxuyuram, əlaçıyam. Bu gün Kiçik Summativ Qiymətləndirmədən (KSQ) 5 aldığım üçün çox sevinirəm.
Məktəbdə çox gözəl müəllimlərim və dostlarım var. Türkan müəllimimi çox istəyirəm.
-Həmişə yaxşı olasan, igid. Əminik ki, müəllimin də səni çox istəyir. Sənə dərslərini hazırlamağa kim köməklik edir?
-Dərslərimə evdə anam, məktəbdə müəllimim kömək edir. Dərsdən sonra hazırlığa qalıram. O mənə bilmədiklərimi də izah edir.
-Bəxtiyar, böyüyəndə kim olmaq istəyirsən?
-Mən Polad Həşimov kimi qəhrəman olmaq istəyirəm. Qanlar içində olan şəkildə də özümü ona bənzədirəm.
-Halal olsun sənə! Maraqlıdır ki, üz-gözün qanın içində olsa da, sən o məşhur şəkildə gülümsəyirsən. Həmin an nə hiss edirdin?
-Mənim təbəssümümün altındakı məna o demək idi ki, Azərbaycan xalqı qorxmazdır, mərddir, "Dəmir yumruq" kimidir.
-Həmin terror gecəsini necə xatırlayırsan?
-Mən yatmışdım. Birdən bombanın səsinə oyandım. Həmin vaxt mebelin şüşələri üstümə töküldü, üzümün hər yeri qan oldu. Onda dayım və Bəhruz əmim bizə gəldilər. Bəhruz əmim şkafı qaldırıb, paltarları götürəndən sonra dayım bizi dağıntıların altından çıxardı.
Onda bacım da yatmışdı. Amma qorxusundan ayaqları tutulmuşdu, yeriyə bilmirdi. Mən onu qucaqlayıb dedim ki, "bacı qorxma! Mən sənin yanındayam".
-Biz səninlə fəxr edirik, Bəxtiyar. Sizə artıq yeni ev tikilib. İndiki eviniz xoşuna gəlir?
-Bəli, evimiz çox yaxşıdır. Təzə evimizi lap çox sevirəm. Bir gün bizə qonaq gəlin, sizə qəşəng çay verərik.
-Görürəm çox qonaqpərvər oğlansan. Bir gün mütləq səninlə görüşərik. Maraqlıdır, Bəxtiyarın heyvanlarla arası necədir?
-Heyvanları çox xoşlayıram. Ən çox itləri sevirəm. Onlar sadiq olurlar.
-Bəxtiyar, dedin ki, mən qəhrəman olmaq istəyirəm. Bəs məktəbi bitirəndən sonra hansı universitetdə təhsil almaq istəyərsən?
-Mən, Qarabağ Universitetində oxumaq istəyərəm.
Sənin kimi İgid elə o universitetə yaraşar
-Sənin yaşıdlarına maraqlıdır ki, Bəxtiyar gün ərzində nə iş görür, ən sevdiyi oyunlar hansıdır?
-Mənim ən sevdiyim oyun "Ortada qaldı"dır. Bu oyunu oynayanda həmişə top atan tərəf mən olmaq istəyirəm.
-Lap yaxşı. Biz səni "Qorxmaz Bəxtiyar" kimi tanımışıq. Bəs, sinif yoldaşların necə?
-Hamısı məni qəhrəman kimi tanıyır.
Bəxtiyar bir qədər duruxsunub, nə isə fikirləşirdi. 10-15 saniyəlik sakitlikdən sonra sükutu pozdu...
-Mənim bir qarpız oyuncağım var. Onu dağıntıların altından çıxartmışıq. Terror vaxtı geyindiyim koftam hələ də durur. O vaxt kofta qulağımdan çıxmadığına görə anam onun boynunu qayçıyla kəsmişdi. Mən həmişə o koftayla, qarpız oyuncağımı saxlayacam. Onlar mənim üçün həmin gündən qalan yadigardır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun