Azərbaycan və Çin dostluğu zamanla möhkəmlənib

17 Oktyabr 2024 13:12

Bu il Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümü ilə əlaqədar olaraq əlamətdar bir ildir. Sevindirici haldır ki, Çin bu əlamətdar günü Çin Xalq Respublikasının Sədri Si Cinpinin müdrik rəhbərliyi ilə qarşıya qoyulmuş bütün məqsədlərə çataraq, dövlətçiliyin inkişafı və vətəndaşlarının rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində böyük uğurlar qazanaraq, həmçinin beynəlxalq sistemdə aparıcı mövqe tutaraq qeyd edir.

Digər tərəfdən biz ikitərəfli münasibətlərimizdə yeni əlamətdar bir mərhələni qeyd edirik. Bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"  qəbul ediblər. Dövlət başçılarımızın birgə səyləri nəticəsində hərtərəfli münasibətlərimizin inkişafı yeni mərhələyə, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Azərbaycanın Çindəki səfiri kimi mən də öz növbəmdə siyasi, iqtisadi və digər istiqamətlərdə münasibətlərimizə, eləcə də xalqlarımız arasındakı mədəni əlaqələrə və mübadilələrə həm keyfiyyət, həm də kəmiyyət baxımından töhfə vermək üçün əlimdən gələni əsirgəmirəm.

Artıq Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfiri təyin olunmağımdan bir il ötür. Təyinatım ilə bağlı xəbəri ilk dəfə eşidəndə bir neçə hissi eyni anda yaşadım: qürur, məsuliyyət və əlbəttə ki, 2006-2009-cu illərdə üç il ərzində gənc və həvəsli diplomat kimi çalışdığım ölkəyə yenidən qayıtmağın sevinci.
Bu xəbər məni 2008-ci il Pekin Yay Olimpiya Oyunları dövründə həyəcanlı günlərin xoş xatirələrinə apardı. O zaman mən Azərbaycandan gələn nümayəndə heyətinin səfərinin təşkili işinə cəlb edilmişdim. İdmançılarımızın necə uğurla çıxış etdiklərini qürurla xatırlayıram. Atletlərimiz Olimpiya Oyunlarında yaxşı nəticələr göstərir və medallar qazanırdılar. Prezident cənab İlham Əliyev və ailə üzvləri qonaqpərvər Çində nəzərdə tutulandan daha artıq müddətə qaldılar.

Həmin günlər və ümumiyyətlə Çindəki uzunmüddətli ezamiyyətimlə bağlı çoxlu yadda qalan xatirələrim var. Övladlarımın uşaqlıq xatirələri də Çin ilə bağlıdır. İndi mən məsuliyyətli bir missiya ilə, onlar isə təhsil, yeni təcrübə və səriştələr əldə etməklə bağlı perspektivli planlarla geri qayıtmışıq.

Çinin zəngin mədəniyyəti və qədim tarixi, böyük Çin sivilizasiyasının fəlsəfi ənənələri, həmçinin nəfis Çin mədəni irsi məni heyran etmişdi. Digər məsələlər ilə yanaşı Çin mətbəxinin zənginliyini və möhtəşəmliyini də qeyd etmək istərdim. Hər əyalətin, hər bölgənin yerli inqredientləri, hazırlanma üsullarından və mədəni xüsusiyyətlərindən təsirlənən özünəməxsus ləzzətləri var. Hər dəfə yeni bir dad sınadığınız zaman Çin qastronomiyasının sonsuz yaradıcılığını hiss edirsiniz. Yenə də "qunbao cidin" və "baozi" mənim favoritlərimdir. Bu ölkəyə qayıtmağın, keçmiş və yeni dostlarla birlikdə bir masa ətrafında əyləşib zərifliklə hazırlanmış Çin yeməklərinin dadına baxmağın nə qədər xoş olduğunu ifadə etməkdə çəkinlik çəkirəm.

Ölkələrimiz arasında minlərlə kilometr məsafə olmasına baxmayaraq, Azərbaycanda da oxşar mədəni və digər mənəvi dəyərləri bölüşdüyümüzü müşahidə edirəm. Həm Azərbaycan, həm də Çin zəngin tarixi və mədəni ənənələri olan qədim sivilizasiyalara malikdir. Xalqlarımız öz tarixi köklərinə dəyər verir və müasir dövrdə fundamental ənənələrini qoruyub saxlayırlar.

Övlada sevgiyə və böyüklərə hörmətə əsaslanan ailə dəyərləri bizim cəmiyyətlərin özəyini təşkil edir. Ailəvi yığıncaqlar, ənənəvi bayramlar və kollektiv mərasimlər sosial həyatımızda böyük əhəmiyyətə malikdir. Şübhəsiz ki, bu oxşarlıqlar və ümumi maraqlar xalqlarımız arasında qarşılıqlı rəğbət və dostluq üçün möhkəm zəmin yaradır və müasir münasibətlərimizin təməlində də mühüm rol oynayır.

Xalqlarımız arasında mədəni mübadilənin tarixi qədim İpək Yoluna gedib çıxır. Azərbaycanın Asiya ilə Avropanın kəsişməsindəki əlverişli mövqeyi onu Böyük İpək Yolu boyunca yerləşən xalqlar və ölkələr arasında körpüyə çevirmişdir. Təsadüfi deyil ki, XII əsrin görkəmli Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi "Yeddi Gözəl" poemasında "Çin gözəli" obrazı vasitəsilə Azərbaycan ilə Çin arasındakı dostluğu təsvir etmiş, Çin xalqına və onun mədəniyyətinə dərin hörmət nümayiş etdirmişdir. Şair əsərlərində Çini yüksək mədəni nailiyyətlər ölkəsi, Çinli qadını isə insan gözəlliyinin misilsiz təcəssümü kimi xarakterizə etmişdir. Qeyd olunmalıdır ki, çinli heykəltəraş Yuen Sikun tərəfindən Pekin şəhərindəki Çaoyan parkında böyük şairin büstü ucaldılmışdır.
Məmnuniyyətlə vurğulayıram ki, bizim ümumi dəyərlərimiz sayəsində xalqlarımız mədəniyyət və incəsənət vasitəsilə bir-birini duya bilirlər. Çin xalqı hələ ötən əsrin ortalarında "Arşın mal alan" operettası ilə Azərbaycan incəsənətinə öz rəğbətini nümayiş etdirib. Azərbaycanın sözügedən şah əsəri əvvəlcə 1957-ci ildə Uhan şəhərində, daha sonra 1959-cu ildə Pekin şəhərində səhnəyə qoyulub. "Arşın mal alan" Pekində səhnələşdirilən ilk xarici musiqili komediya olmuşdur. Bu tamaşadan sonra operetta Çində o qədər məşhurlaşmışdır ki, sonradan ölkə daxilində 300 dəfədən çox səhnəyə qoyulmuşdur. Daha sonra "Arşın mal alan" 2010-cu ildə Pekindəki Tiençiao Teatrında və 2021-ci ildə Lanfan şəhərində Çin dilində səhnəyə qoyulmuşdur.

Hazırda Azərbaycan ilə Çin arasında xalqlararası əlaqələr müasir ictimai həyatın demək olar ki, bütün aspektlərini əhatə edir. Çinli turistlər üçün viza tələbinin ləğv olunması, tələbə mübadiləsi, dil öyrənmə və müxtəlif sahələrdə qurumlararası tərəfdaşlıq da daxil olmaqla bir çox amillər mədəniyyətlərarası dialoqun daha da dərinləşməsinə kömək edir və xalqlarımız arasında ünsiyyət üçün əlverişli şərait yaradır.

Ölkələrimizin regionları və şəhərləri arasında da dostluq münasibətləri inkişaf edir. Artıq bu istiqamətdə bir sıra anlaşma memorandumları imzalanıb və onların həyata keçirilməsi üçün konkret addımlar atılır.
Azərbaycan və Çin təhsil proqramları, o cümlədən təqaüd proqramları və tələbə mübadiləsi istiqamətində əməkdaşlıq edirlər. Azərbaycan-Çin Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində yüzlərlə azərbaycanlı tələbə Çin, çinli tələbələr isə Azərbaycan universitetlərində dövlət hesabına təhsil alırlar.

Ölkələrimizin aparıcı ali təhsil müəssisələri arasında sıx əməkdaşlıq əlaqələri yaranıb, elmi mübadilə qurulub, bir sıra layihələrin praktiki icrası həyata keçirilir. Hər iki ölkədə bir-birinin dillərini öyrənməyə maraq artır. Çinli tələbələr Pekin Xarici Dillər Universitetində Azərbaycan dilini öyrənirlər, Azərbaycanın ali məktəblərində isə Konfutsi institutları öz işlərini uğurla davam etdirirlər. 

Sevinc hissi ilə bildirirəm ki, "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbul edilməsi ilə Çin vətəndaşları qarşıdakı 1 il ərzində Azərbaycana vizasız səyahət edə biləcəklər. Pekin və Urumçidən gözəl və füsunkar Bakıya birbaşa uçuşlar həyata keçirilir.

Fürsətdən istifadə edərək, Çinli dostlarımızı Odlar Yurduna vizasız səyahət etməyə dəvət edirəm. Əminəm ki, ölkəmizin füsunkar təbiəti, mədəni irsi, adət-ənənələri, eləcə də xalqımızın həyat tərzi və qonaqpərvərliyi ilə tanışlıq dost xalqlar arasında qarşılıqlı anlaşmanı daha yaxşı təşviq edəcəkdir.

Mədəni əməkdaşlığımızın və xalqlararası mübadilənin genişləndirilməsində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Heydər Əliyev Fondu çinli tərəfdaşları, xüsusilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə birlikdə müxtəlif layihələri uğurla həyata keçirir. Çinin Anhuy əyalətinin Benbu şəhərindəki "Qədim Məskənlər" mədəniyyət parkında Heydər Əliyev Fondu tərəfindən "Azərbaycan mədəniyyətinə pəncərə" pavilyonu yaradılmışdır.

Şübhəsiz ki, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun məşhur "Min bir gecə" baleti haqqında eşitmisiniz. 23-25 avqust 2024-cü ildə "Min bir gecə" baleti Pekin Milli İfaçılıq Mərkəzində səhnəyə qoyuldu və Çin tamaşaçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Mariinski Teatrının Primorski səhnəsinin balet truppası möhtəşəm bir şou təqdim etdi. Truppanın bədii rəhbəri peşəkar xoreoqraf Eldar Əliyev idi. Baletin musiqisi Azərbaycanın əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi ilə Çin Milli Baletinin Simfonik Orkestri tərəfindən ifa olunurdu. Baletə Şərq ruhu verən Azərbaycanın milli musiqi aləti tarda ifa etmək üçün Ramiz Əzimov dəvət olunmuşdu.

Ölkələrimiz əməkdaşlığın bütün sahələrində bir-birinə etibarlı tərəfdaşdır və dövlətlərimizin milli maraqları ilə bağlı əsas məsələlərdə bir-birini dəstəkləyirlər. Ən başlıcası, bütün bu fəaliyyət, firavan həyata və sonsuz imkanlara layiq iki dost xalq arasında marağı daha da artırmaq məqsədi daşıyır.

Sonda Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümü münasibətilə Çin hökumətini və xalqını ürəkdən təbrik edirəm.

Bünyad Hüseynov
Azərbaycan Respublikasının 
Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun