Dövlət büdcəsi niyə kəskin artırıldı? - Nazirlik səbəbi açıqladı

16 Oktyabr 2024 20:01

Maliyyə Nazirliyi Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılmasını şərh edib.

Maliyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Prezident İlham Əliyevin göstərişinə əsasən, Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunmuş 2025-ci il dövlət büdcəsinin layihəsi ilə müqayisədə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Bildirilir ki, dövlət büdcəsi xərclərinin artırılmasının əsas səbəbi Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan tərəfindən cavab tədbirlərinin görülməsi ehtiyacı ilə əlaqədardır. Əlavə xərclərin maliyyələşdirilməsi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.

Onu da əlavə edək ki, militarizm irticaçı silahlanma siyasətidir və təcəvüzkarlıq məqsədilə müharibəyə hazırlanmaqdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun