Rusiyada qanunsuz miqrantların cinayət törətməsi ağırlaşdırıcı hal kimi tanınacaq

16 Oktyabr 2024 15:38

Rusiyada qanunsuz miqrant tərəfindən cinayət törədilməsi ağırlaşdırıcı hal kimi tanınacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasında bu gün müzakirəyə çıxarılan qanun layihəsində bildirilib.

Duma qanunsuz miqrant tərəfindən cinayət törətməsinin ağırlaşdırıcı hal kimi tanınmasına dair layihəni birinci oxunuşda qəbul edib.

Qeyd edək ki, Rusiya əmək miqrantları ilə bağlı qanunvericiliyini sərtləşdirir. Bu ilin martında Moskvadakı "Crocus" konsert mərkəzində Mərkəzi Asiyadan olan miqrantların yüzdən çox insanın ölümü ilə nəticələnən terror aktı törətməsi, daha sonra Rostov və Volqoqradda istintaq təcridxanalarında yenə adıçəkilən regiondan olan radikal islamçı miqrantların "bunt" qaldırması, İŞID bayrağı altında həbsxana işçilərini girov götürərək qətlə yetirməsi Rusiyada miqrantlar əleyhinə dalğanı gücləndirib. Ölkə Prezidenti Vladimir Putin avqust ayında "Rusiya ərazisində yaşayan xarici vətəndaşların hüquqi statusu haqqında" qanunu imzalayıb. Bununla da miqrantlarla bağlı bir sıra qadağalar qüvvəyə minib. Belə ki, yeni qanuna əsasən əcnəbilərə taksi və ictimai nəqliyyat vasitələrini idarə etmək, qida sektorunda çalışmaq, tütün məmulatları və spirtli içkilərin satışını həyata keçirmək, eləcə də məktəbəqədər təhsil müəssisələrində işləmək qadağan edilib. Rusiyanın ərazi subyektlərinin rəhbərlərinə ehtiyac olduqda bu qəbildən olan şəxslərə əlavə məhdudiyyətlərin tətbiqi səlahiyyəti verilib. Bundan əlavə, Rusiya hakimiyyəti qanunsuz miqrantların reyestrinin yaradılacağını da açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun