Fransanın "pulu qurtarıb"

15 Oktyabr 2024 20:41

Büdcə problemləri Fransanı dövlət aparatının işini təmin etmək imkanından məhrum edə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Fransa Milli Məclisinin deputatı, "Milli Birlik" partiyasının üzvü Jan-Filip Tangi bildirib.

Mişel Barnyenin rəhbərlik etdiyi Fransa hökuməti oktyabrın 10-da ölkənin 2025-ci il üçün sərt qənaət tədbirləri nəzərdə tutan büdcə planını təqdim edib. Məqsəd 2025-ci ildə xərcləri 60.6 milyard avro və ya respublikanın ÜDM-nin 2%-i qədər azaltmaqdır.

"Maliyyə vəziyyəti çox ciddidir. Fransa yol ayrıcındadır və büdcədəki disproporsiya səbəbindən acınacaqlı vəziyyətə düşə bilər. Dövlət borcu və onun faizləri eksponensial şəkildə artır: Fransa sözün əsl mənasında boğulur", - deyə Tangi qeyd edib.

Onun sözlərinə görə, Fransanın böyük məbləğdə vəsaiti dövlət xidmətlərinin həyata keçirilməsinə deyil, borcun ödənilməsinə gedir. Beləliklə, siyasətçi vurğulayıb ki, pul çatışmazlığı səbəbindən Parisin siyasət apara bilməməsi riski var və hazırda təqdim olunan büdcə layihəsi qəbuledilməzdir.

O dəqiqləşdirib ki, 500 milyard avro üç külək elektrik stansiyasının subsidiyalaşdırılmasına yönəldilib, halbuki bu məbləğ 10 min təhsil işçisinin əməkhaqqısının ödənilməsinə kifayət edə bilərdi. Tanginin fikrincə, yeni hökumətin ilk büdcə ilini təhsilin maliyyələşdirilməsinin azaldılması ilə başlamaq olmaz.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun