İrəvanın saxtalığının sonu yoxmuş - sülhdən, müharibədən danışan Nikol və Armen

15 Oktyabr 2024 17:18

Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə Ermənistana sanksiya tətbiq edilmədi. Əksinə, bu cinayətinə görə torpaqları onlara mükafat olaraq vermək istəyirdilər.

Azərbaycan torpaqlarından çıxarıldıqdan sonra da Ermənistan törətdiyi cinayət əməllərinə, başqa bir dövlətin ərazisini işğal etdiyinə, təcavüzkar hərəkətinə görə cəzalanmayıb. Yenə də Ermənistanın başı sığallanır, müxtəlif məbləğlərdə ona hərbi məqsədlər üçün yardımlar verilir, onunla sanki ağlağan uşağı ovundururmuşlar kimi davranırlar. Əməllərinə görə cəzalanmaması Ermənistanı yeni-yeni iddialara düşməyə sövq edir. Bu, rəsmi İrəvanın 2020-ci il sentyabrın 27-dən əvvəlki ritorikasını yada salır. Onda da Ermənistanın dövlət məmurları bildirirdi ki, əgər rəsmi Bakı razılaşmasa, "Azərbaycan onları yeni ərazilərini işğal etməyə vadar edəcək". Bu çıxışlardan bir neçə ay sonra - 2020-ci il noyabrın 10-da rəsmi İrəvan üçtərəfl bəyanata imza atdı.

Bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın mümkün hücumuna Ermənistanın hazır olub-olmaması ilə bağlı suala cavabında deyib: "Mən deyə bilərəm ki, Ermənistan istənilən hücuma məruz qalacağı təqdirdə özünü müdafiə etmək üçün hər şeyi edəcək. Bütün təhlükələri neytrallaşdırmaq üçün kifayət qədər imkanlarımız var və bu, davamlı işdir".

TŞ katibinin sözlərinə görə, Ermənistan ərazi bütövlüyünü qorumaq üçün daha çox ssenarilərə hazır olmaq üçün öz imkanlarını inkişaf etdirir.

Bu rəsmi İrəvanın sülhlə bağlı açıqlamalarının ruhuna uyğun deyil. Çünki Azərbaycanın dövlət rəsmiləri Ermənistana qarşı ərazi iddiaları ilə çıxış etməyib. Odur ki, Armen Qriqoryanın "istənilən hücuma hazırıq" ritorikasından öncə, belə bir ehtimalın necə yarandığını soruşması daha məntiqi olardı. Belə bir açıqlama ilə Qriqoryan elə bil "müharibədən qorxmuruq" deyib. Ancaq rəsmi İrəvanın sülhsevər bəlağətli çağırışlarının məntiqi ilə yanaşsaq, o zaman TŞ katibinin barışdan, əməkdaşlıqdan və s. belə məsələlərdən danışması daha doğru olardı.

Ermənistanın müharibəni pisləməklə yanaşı, onun heç kimə fayda vermədiyindən bəhs etməsi mövcud real halına daha uyğun olardı. Cavab verməyi ən sonda və daha az emosiya ilə söyləməsi daha müdrik cavab sayılardı. Görünür, Qriqoryan son zamanlar ABŞ, Fransa başda olmaqla Avropa İttifaqı və başqalarından ianə kimi aldıqları hərbi yardımların hesabına gücləndiklərini zənn edir. Elə Azərbaycan torpaqlarını onlar oxşar şəkildə işğal etmişdilər. Yaxud Qərbi azərbaycanlıları da öz yurdlarından havadarlarının hesabına torpaqlarından qovaraq mal-mülklərindən məhrum ediblər.

Ən əsas məsələlərdən biri, Ermənistan ordusunun indiki vəziyyətidir. Armen Qriqoryan hansı ordu ilə cavab verəcəklərini belə pafosla bildirir? Ermənistana yenidən ordu yaratmaq qadağan edilməsə də, bu ölkədə hərbi sahədə çətinliklər var. Hər ay Ermənistan ordusunda müxtəlif səbəblərdən ölüm və intihar hadisələri baş verir.

Oktyabrın 13-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Aqasi Serojeviç Dallakyanın ölüm xəbəri yayılıb. Sonradan məlum olub ki, əsgər intihar edib. Dallakyan 9 ay əvvəl orduya çağırılıb. O, Mehridəki hərbi hissədə xidmət edib. Şirak rayonunun Basen kəndindən olub.

Qeyd edək ki, bu ordu sıralarında bir həftə ərzində baş verən ikinci intihar hadisəsidir. Vaqe Baqrat Arutyunyan güllə yarasından ölüb.

Məlumata görə, əsgər hadisədən əvvəl anası ilə danışıb. Bu barədə məktəb direktoru Təhminə Solahyan bildirib. Onun sözlərinə görə, Aqasi deyib ki, maşın gəlir, kənara durmalıdır, bir azdan özü zəng edəcək. Ancaq zəng gəlməyib. Anasının zənginə isə cavab verməyib.

Belə ehtimal etmək olar ki, əsgər yezidi kürdüdür və Ermənistan ordusunda onlar sıxışdırılır. Yaxud silahlı qüvvələrdə əsgərlərə işgəncə verilir.

Ermənistan hüquq-müdafiəçisi Janna Aleksanyan bildirib ki, orduda əsgərlərə nəzarət edilmir: "Onlar oğru qanunlarına əsasən qətlə yetirilirlər".

Onun sözlərinə görə, indiki hökumətin dövründə ölüm halları daha da çoxalıb: "Orduda islahatlar elan olunub. Ancaq orduda ölüm hallarının artması islahat aparılmadığını sübut edir". Hüquq-müdafiəçisi bildirib ki, İstintaq Komitəsinin işi açmaması da faktdır.

Janna Aleksanyan vurğulayıb ki, bu qurum istintaqların gedişinə dair nəticələri açıqlamır, vəkillər susdurulur, ekspertizalar saxtalaşdırılır və s: "Onlar həmişə belə işləyiblər, indi də bunu davam etdirirlər, heç nə dəyişməyib".

Janna Aleksanyan indiyədək hərbi hissə komandirinin işdən çıxarılmasına rast gəlmədiklərini də qeyd edib.

Belə nəticəyə gəlmək olar ki, Ermənistanın baş naziri Nikol Paşinyan və XİN başçısı Ararat Mirzoyan Azərbaycanla sülh sazişinin imzalanmasına hazır olmaqları, Armen Qriqoryan isə müharibə edəcəkləri ilə bağlı açıqlamalarında saxtakarlıq edirlər.

Çünki sülh üçün Ermənistanın təcavüzkar konstitusiyasının dəyişməsi vacibdir. Müharibəni isə ordu ilə edirlər. İrəvan rəsmilərinin açıqlamalarına əsasən, Paşinyan və Mirzoyan düşünür ki, konstitusiya dəyişmədən havadarlarının Azərbaycana təzyiqi ilə sülh sazişinin imzalanmasına nail olacaqlar. Ancaq torpaqlar işğal altında olanda rəsmi Bakı Ermənistanı qane edəcək şərtlərə imza atmayıb...

A.Qriqoryan da hesab edir ki, Hindistan, Fransa və başqa ölkələrdən ianələrlə əldə etdikləri silah və hərbi texnika, muzdlu döyüşçülərlə Azərbaycana qarşı döyüşəcəklər. Təəssüf ki, belə yalan və saxta yanaşmaya görə rəsmi Bakı haqlı olaraq İrəvana etimad göstərmir, etibar etmir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının yeni təyin olunmuş səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib : "Ermənistanın sülh sazişinin razılaşdırılmış müddəalarının imzalanması ilə bağlı təklifi reallıqdan uzaqdır". Dövlət başçısı vurğulayıb ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz.

Bununla da Prezident İlham Əliyev Ermənistan hökumətinin "bu vaxtadək razılaşdırılmış maddələrə imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın" kimi qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib. Dövlət başçısı bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb.

Paşinyan, Mirzoyan, Qriqoryan və daha kimlər dörd ildir ki, yalan danışır, saxtakarlıq edir, real vəziyyətdən çıxış etmirlər. Ermənistan hakimiyyəti təmsilçilərinin belə qeyri-müəyyən davranışı, vaxtı uzatması, konstitusiyaya dəyişiklik etməməsi vəziyyəti müharibəyə aparmağa hazırlaşdıqlarından xəbər verir. Rəsmi İrəvan xaricdən komanda gözləyənə də bənzəyir. Əvvəllər onun gözü şimalda idi. İndi yazıqlığı yamsılayan Ermənistan hara baxır?

REPORT