Yunus Oğuz Özbəkistanda keçiriləcək beynəlxalq forumda iştirak edəcək

15 Oktyabr 2024 12:08

Milli.Az olaylar.az-a istinadən xəbər verir ki, yazıçı-publisist Yunus Oğuz oktyabrın 23-25-də Daşkənddə  keçiriləcək "Mədəniyyət və incəsənət sahəsində islahatlar" beynəlxalq forumuna dəvət alıb. Ölkənin  mədəniyyət  nazirinin Yunus Oğuzun ünvanına  şəxsən göndərdiyi  dəvətdə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyinin  yazıçıya xüsusi  ehtiramı   və 23-25 oktyabr tarixlərində Daşkənd şəhərində keçiriləcək Beynəlxalq Mədəni İrs Həftəsində iştirak etməyə dəvət etməkdən şərəf duyulduğu bildirilib. Məktubda  qeyd olunub ki, bu tədbir milli və beynəlxalq səviyyədə mədəni irsimizin qorunması və təbliği, eləcə də  ölkələr arasında  ənənələrin mübadiləsi və mədəni əlaqələrin gücləndirilməsini hədəfləyir. Qloballaşma kontekstində mədəni kimliyin qorunması və beynəlxalq mədəni dialoqun inkişafı xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra dəvətdə  tarixi  romanlar müəllifi  Yunus  Oğuzun forumda  iştirakının  müzakirələrə zənginlik qatacağı və mədəni mübadilə və əməkdaşlığın gücləndirilməsinə dəyərli töhfə verəcəyi  qeyd  olunub.

Forumda ölkənin  mədəniyyət naziri O.Nazarbəyovun "Özbəkistanda mədəniyyət və incəsənət sahəsində həyata keçirilən islahatlar" mövzusunda təqdimatı, həmçinin  "Qeyri-maddi mədəni irsin qorunmasına müasir yanaşmalar" mövzusunda çıxışlar olacaq.Mərasimdə  beynəlxalq ekspertlərin çıxışları, mədəniyyət və incəsənət sahəsində ən yaxşı təcrübələrin müzakirəsi nəzərdə  tutulub.Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti  Aktotı Raimkulova,TÜRKSOY-un baş katibi Sultanbay Rayev də  tədbirdə  məruzə  edəcəklər.  Mədəniyyət naziri O.Nazarbəyovun xarici qonaqlarla görüşü də  proqrama  daxil  edilib. Qeyd  edək  ki, Beynəlxalq  Forum  ölkənin Mədəniyyət  Nazirliyi tərəfindən  "BEYNƏLXALQ MƏDƏNİ İRS HƏFTƏLƏRİ" çərçivəsində  təşkil  olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun