"Esso Switzerland" şirkətinin aktivləri üzərində nəzarət ARDNŞ-yə keçdi

30 İyun 2012 14:42
İyunun 29-da Sürix şəhərində "ExxonMobil" şirkətinin İsveçrədəki "Esso Switzerland" şirkəti aktivlərinin ARDNŞ tərəfindən alınması nəticəsində həmin aktivlər üzərində nəzarətin dəyişməsi proseduru üzrə sənədlərin imzalanma mərasimi keçirilib.

Dövlət Neft Şirkətindən Trend-ə verilən məlumata görə, imzalanma mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkətin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, "ExxonMobil" tərəfindən isə Peter Szanto və Annett Flormann-Pfaff iştirak ediblər. Beləliklə, "Esso Switzerland" şirkətinin aktivləri üzərində nəzarət ARDNŞ-ə ötürülüb.

Məlum olduğu kimi, ötən il noyabrın 16-da tərəflər arasında həmin aktivlərin satılması üzrə razılaşma imzalanmışdı. Ötən dövr ərzində ESSO şirkətinin "ExxonMobil"dən müstəqil fəaliyyətinin təmin edilməsi üçün şirkətin sistem və proseslərinin ayrılması və işlənməsi üzrə fəaliyyət aparılıb.

"Esso Switzerland"ın ARDNŞ tərəfindən əldə edilən aktivləri sırasına yanacaqdoldurma məntəqələri şəbəkəsi, eyni zamanda İsveçrə bazarında yanacağın topdan satışı üzrə və aviasiya aktivləri daxildir.

Milli.Az