2016-cı il Avropa Çempionatının ev sahibi bu gün seçiləcək
27 May 2010 10:01
Proses başa çatandan sonra UEFA namizədliyini irəli sürmüş Türkiyə, İtaliya və Fransa arasında seçim etməyə başlayacaq. Milli.Az xəbər portalı CNN Türk-ə istinadən xəbər verir ki, bunun üçün müzakirələr aparılacaq və səsvermədən sora ev sahibi ölkənin adı açıqlanacaq. Avropa birinciliyinə ev sahibliyi edəcək ölkənin adı sabah Cenevrədəki "Espace Hippomene" mədəniyyət mərkəzində UEFA prezidenti Mişel Platini tərəfindən elan ediləcək.
Türkiyə Futbol Federasiyasının məlumatına görə, ölkələrin səhər saatlarında başlayacaq təqdimat mərasimində əvvəlcə Türkiyə tərəfi çıxış edəcək. Sonra növbə İtaliya və Fransaya çatacaq. Bu ardıcıllıq əvvəlcədən keçirilmiş püşkatma nəticəsində müəyyən edilib. Hər bir ölkənin təqdimatına 30 dəqiqə vaxt ayrılıb. Türkiyə tərəfindən Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgener də daxil olmaqla bir neçə nümayəndə çıxış edəcək.
Təqdimatlardan sonra müzakirələr və səsvermə başlayacaq. Qaydalara görə, UEFA prezidenti Mişel Platini (Fransa), qurumun nümayəndələri Şenes Erzik (Türkiyə) və Giankarlo Abete (İtaliya) müzakirə və səsverməyə qatılmayacaqlar. İclasa sədrliyi İngiltərə təmsilçisi edəcək və İdarə Heyətinin 12 üzvü səs verəcək.
Milli.Az