"Terrorçuları məsuliyyətə cəlb etmək hüququmuz, həm də beynəlxalq öhdəliyimizdir"

12 Oktyabr 2024 15:42

"Niderland Krallığının parlamentinin Nümayəndələr Palatasının 10 oktyabr tarixində Azərbaycan əleyhinə qəbul etdiyi növbəti iki qətnaməni qətiyyətlə rədd edirik".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland parlamentinin əsassız qətnamələrini və xarici işlər naziri Kaspar Veldkampın qərəzli fikirlərini şərh edərkən bildirib.

O qeyd edib ki, Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların "hərbi əsir" kimi qələmə verilərək azad edilməsinə dair çağırışları qəbuledilməzdir:

"Sözügedən sənədlərdə və səslənən fikirlərdə ölkəmizə münasibətdə törədilmiş hərbi işğalın və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulmasının, Ermənistanın Azərbaycana qarşı hələ də davam edən ərazi iddialarının tamamilə gözardı edilməsi təəssüf doğurur.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı 1954-cü il Haaqa Konvensiyasına zidd olaraq mədəni və dini irsimizin dağıdılmasına, təhqir edilməsinə, mənimsənilməsinə, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərə etinasız yanaşan Niderland tərəfinin indi ermənilərin saxta təbliğatına istinadən ölkəmizin guya erməni abidələrini hədəf aldığını bildirməyə heç bir mənəvi haqqı yoxdur".

"Eyni zamanda, qətnamələrdə yer alan və xarici işlər nazirinin səsləndirdiyi fikirlərdə Azərbaycanın ötən ilin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədlərinin təhrif olunması ölkəmizə qarşı ikili standartların bariz nümunəsidir. Həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyini bir daha xatırlatmaq istərdik.

Niderland tərəfinin iddialarında "hərbi əsirlər" kimi istinad edilən şəxslər Azərbaycan ərazisində separatçılıq, qəsdən adamöldürmə, işgəncə, terrorçuluq və digər insanlıq əleyhinə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları, Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən, bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var. Buna görə də qeyd edilən məsələdə Azərbaycana qarşı səslənən bütün fikirlərin heç bir əhəmiyyəti yoxdur", - deyə A.Hacızadə vurğulayıb.

Azərbaycan XİN rəsmisi Niderland tərəfini bölgədə sülhə qarşı olan və Azərbaycan-Niderland münasibətlərində gərginlik yaradan birtərəfli mövqedən əl çəkməyə çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun