Bu universitetimiz də beynəlxalq reytinqdə! - FOTO

11 Oktyabr 2024 19:09

Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 3-ə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. 

Bildirilib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) "Neft və qaz sahəsində mühəndislik ixtisasları" üzrə dünyanın ən yaxşı 150 universiteti siyahısına daxil olunub. 

Sözügedən siyahını dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan "QS Quacquarelli Symonds" bu gün dərc edib. İştirakçı universitetlərin yenilənmiş fənn reytinqi siyahısında ADNSU 101-150 aralığında yer alır.

Beləliklə, "QS 2024 sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı"nda Azərbaycan 4 istiqamət üzrə 3 ali təhsil müəssisəsi ilə təmsil olunur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən başqa, bu reytinqlərə Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də daxildir.

Qeyd edək ki, QS dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərini hazırlayarkən 5 əsas göstəricidən istifadə edir: akademik reputasiya, işəgötürənlər arasında reputasiya, bir nəşrə görə sitatların sayı, "Hirsch" indeksi və beynəlxalq elmi əməkdaşlıq indeksi. Bu reytinqlər 95 ölkə və ərazidə 1500 universitetdə təhsil alan tələbələr üçün 16400-dən çox təhsil proqramını müqayisə edən müstəqil analizi təqdim edir. Reytinq 55 fənn və 5 geniş fənn kateqoriyası üzrə ölçülüb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun