Braziliya prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək

11 Oktyabr 2024 17:29

Braziliya prezidenti Luis İnasio Lula da Silva COP29-da iştirak etmək üçün Azərbaycana gələcək.

Milli.Az bildirir ki, bunu Trend-ə Braziliya Xarici İşlər Nazirliyinin İqlim, Enerji və Ətraf Mühit üzrə xüsusi nümayəndəsi Andre Korrea do Laqo Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransınıdan öncə keçirilən iclas (Pre-COP29) çərçivəsində deyib.

"Bildiyiniz kimi, Braziliya, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Dubayda keçirilən son COP konfransında mandat alan üç ölkədən ibarət qrup yaradır. Dünən Azərbaycan və Braziliya arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb".

Onun sözlərinə görə, memorandum iki ölkə arasında əməkdaşlığı dərinləşdirməyə imkan verir.

Qeyd edək ki, Bakıda Pre-COP29 tədbirinin ikinci günü keçirilir.

Tədbirin ikinci günü çərçivəsində plenar sessiyalar və paralel tədbirlər keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun