Ermənistan öz konstitusiyasını sülh sazişi layihəsinin şərtlərinə və hazırkı rəsmi ritorikasına uyğunlaşdıraraq, Azərbaycanla sülhə həqiqi sadiqliyini nümayiş etdirməlidir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "TV Berlin" telekanalına müsahibəsində deyib.
"Biz gələcək administrasiyalar tərəfindən asanlıqla ləğv edilə biləcək situativ sülh istəmirik. Bunun üçün erməni tərəfi səmimiyyət nümayiş etdirərək, konstitusiyasını həm sülh sazişi layihəsinin mətni və ruhuna, həm də Ermənistan hökumətinin və baş nazirinin bu gün istifadə etdiyi ritorikaya uyğunlaşdırmalıdır", - o bildirib.
E.Əmirbəyov Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı son açıqlamalarına istinad edib. O qeyd edib ki, bu sözlər konkret əməllərdə, xüsusilə Ermənistanın konstitusiyasında dəyişikliklər edilməsində əks olunmalıdır.
"Onların konstitusiyasının preambulası və ya bir hissəsi bizə görə açıq ərazi iddiası hesab etdiyimiz qeyri-qanuni qərarlara istinad edir. Bu, sülh prosesini irəli aparmaq üçün dəyişdirilməlidir", - Prezidentin xüsusi nümayəndəsi bildirib.
O, Ermənistanın sabah sülh sazişini imzalamağa hazır olduğunu bəyan etməsinə skeptik yanaşıb və bu cür açıqlamaları beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi kimi qiymətləndirib.
"Ermənistan qeyri-real və qəbuledilməz təklif irəli sürərək, konstruktiv şəkildə sülh prosesinə cəlb edildiyini və guya Azərbaycanın sazişi imzalamaq istəmədiyi görüntüsünü yaratmağa çalışır", - E.Əmirbəyov bildirib.
O vurğulayıb ki, sülhə həqiqi sadiqlik bəyanatlardan daha artığını tələb edir.
"Ermənistanın bu davranışının əsas səbəbi vaxt qazanmaqdır. Necə deyərlər, əməllər sözlərdən daha çox danışır. Ermənistan,əgər Azərbaycanla davamlı sülhə ciddi yanaşırsa, bəyanatlardan konkret addımlara keçməlidir", - Prezidentin xüsusi nümayəndəsi qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun