“La Gazette du Caucase” Fransanın ermənipərəst KİV-lərinin Azərbaycana qarşı dezinformasiyasını ifşa etdi

11 Oktyabr 2024 15:51

Fransız KİV-lərinin Azərbaycana qarşı ikiüzlülüyü COP29 ərəfəsində artmaqdadır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransanın internet-nəşri "La Gazette du Caucase" yazıb.

Müəlliflər son məqalələrində axır vaxtlar Fransa mediasında fəal şəkildə yayılan "Human Rights Watch" (HRW) tərəfindən hazırlanan "hesabat"dan bəhs ediblər.

"Hesabatda təşkilat Azərbaycan haqqında təhrif olunmuş və yanlış təsəvvür yaradır, ölkəni vətəndaş cəmiyyətinə qarşı "təzyiqdə" ittiham edir. Bu boş iddialar, sadəcə olaraq, Azərbaycanın beynəlxalq arenadakı reputasiyasını ləkələmək və real problemlərdən diqqəti yayındırmaq məqsədini güdür.

"France Info"nun bu 'hesabat'la bağlı yayımladığı məqalə Azərbaycan obrazını qəsdən təhrif edir. Bu hesabatın dərc olunma vaxtı - COP29-dan yalnız bir neçə həftə əvvəl - təsadüfi deyil. Bu, böhtan və dezinformasiya ilə Azərbaycana ardıcıl hücum edən bir sıra Fransa KİV-lərinin təşkil etdiyi daha geniş kampaniyanın bir hissəsidir", - məqalədə qeyd olunur.

"La Gazette du Caucase" qeyd edir ki, Azərbaycan uzun müddətdir ki, qeyri-hökumət təşkilatları tərəfindən belə riyakar hücumların obyektidir.

"Təsadüfi deyil ki, bu mesajlar məhz Azərbaycan ən mühüm qlobal iqlim sammitlərindən birini keçirməyə hazırlaşanda üzə çıxır. HRW-nin "hesabatı" ölkənin ekoloji siyasət, infrastruktur və beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi əhəmiyyətli irəliləyişləri pozmaq məqsədi daşıyan qarayaxma kampaniyasından başqa bir şey deyil", - məqalədə deyilir.

Müəlliflər xüsusilə "France Info" ilə əlaqəli başqa bir vacib məsələni də qaldırırlar. Bu yaxınlarda erməni əsilli fransız jurnalist Aqnes Varamyan nəşrə rəhbərlik edib.

"France Info" digər oxşar nəşrlər kimi, hadisələrin seçmə yolu ilə işıqlandırılması tarixinə malikdir, yalnız özlərinin qərəzli mövqelərinə uyğun gəlməyən ölkələrə qarşı çıxış edir. Xüsusilə diqqət çəkən şey A.Varamyanın siyasi əqidəsidir, çünki sosial şəbəkələrdə öz səhifəsində Azərbaycana qarşı ittihamları əks etdirən yazılar dərc edib. Bu, Fransa mediasında hadisələrin işıqlandırılmasının obyektivliyi ilə bağlı əlavə suallar doğurur.

Avropa ölkələrinin hökumətləri təhdidlərə qarşı oxşar tədbirlər görəndə onların narahatlığı haradadır? Parisdə etirazlar yatırıldıqda və ya Qərb ölkələrində jurnalistləri susdurduqda, bu media susur. Amma söhbət Azərbaycandan - sabitlik və irəliləyiş əldə etməyə çalışan bir ölkədən gedəndə, bu cür "insan haqları müdafiəçiləri" birdən-birə səs alırlar", - müəlliflər qeyd edirlər.

"Azərbaycanı əsassız ittihamlarla və ya təbliğat kampaniyaları ilə qorxutmaq mümkün deyil. Ölkə rəhbərliyi əhalisinin təhlükəsizliyini təmin edərkən açıq və inklüziv cəmiyyətin qorunmasına sadiq olduğunu dəqiq bir şəkildə ifadə edib.

Azərbaycanın gələcəyi ilə maraqlanmayanların tənqidi onun irəliləməsinə mane olmayacaq. Azərbaycanın ətraf mühitin mühafizəsi üzrə qlobal səylərə verdiyi töhfə istənilən qarayaxma kampaniyasından daha yüksək səslənir. Həqiqət öz məqsədləri üçün onu təhrif etməyə çalışanların çıxılmaz cəhdlərinə baxmayaraq, qalib gələcək", - məqalənin sonunda qeyd edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun