Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə gənclərin ekoloji düşərgəsinin qonağı olublar - FOTO

11 Oktyabr 2024 15:02

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələ rayonunda keçirilən "Gənclərin Yaşıl Təşəbbüsləri" ekoloji düşərgəsinin qonağı olublar.

Bu barədə Milli.Az-a IDEA İctimai Birliyindən məlumat verilib.

"Gənclərin Yaşıl Təşəbbüsləri" ekoloji düşərgəsi IDEA İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən COP29 çərçivəsində təşkil edilib və oktyabrın 10-da və 11-də Qəbələ rayonunda keçirilir. Təbiət qoynunda keçirilən bu düşərgədə Qəbələ və ətraf rayonlardan olan, ümumilikdə 40 gənc iştirak edir. Düşərgənin əsas məqsədi, noyabr ayında Bakıda keçiriləcək nüfuzlu COP29 tədbiri öncəsində gənclərin ekoloji məsələlərlə bağlı fikirlərini, gözləntilərini və təkliflərini dinləmək, onların bu sahədə fəallığını artırmaqdır.

İki gün ərzində gənclər iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və ekoloji təmiz həyat tərzi kimi mühüm mövzularda müxtəlif təlim və vörkşoplarda iştirak edərək ekoloji problemlərə dair yeni yanaşmalar əldə edəcəklər. Düşərgə gənclərin bu mövzular üzrə biliklərini artırmaqla yanaşı, onların ekoloji problemlərin həllində fəal iştirakını təmin etməyi və cəmiyyətin inkişafında mühüm rol oynayacaq fərdlər kimi formalaşmasına dəstək verməyi hədəfləyir.

Düşərgənin ilk günündə gənclər "Ətraf mühitin mühafizəsində gənclərin rolu" mövzusunda təşkil olunmuş vörkşopda qruplara bölünərək problemləri müzakirə edib və müxtəlif ekoloji layihə təklifləri hazırlayıblar. Leyla Əliyeva düşərgə iştirakçılarının hazırladığı layihələri dinləyib və onların ekoloji təşəbbüslərinə yüksək qiymət verib.

Səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva düşərgənin proqramı ilə yaxından tanış olub, iştirakçıların yaşadıqları çadır şəhərciyini ziyarət edərək onların gündəlik fəaliyyəti və düşərgə həyatına dair təəssüratlarını öyrəniblər.

Görüşün sonunda Leyla Əliyeva və Arzu Əliyeva gənclərlə birgə xatirə şəkli çəkdirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Gənclər isə öz növbələrində düşərgənin təşkilində göstərdikləri dəstək və diqqət üçün Leyla Əliyevaya və Arzu Əliyevaya təşəkkür ediblər.

Milli.Az