Əhməd sağalsa, həbs olunacaq?

10 Oktyabr 2024 15:50

Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bu gün Maştağa qəsəbəsindəki psixiatriya xəstəxanasında məcburi müalicəyə göndərilərək cəzadan azad edilməsi cəmiyyətdə böyük əks-səda yaratdı.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, insanların bu qərarla bağlı sualları yaranıb.

Anlaqsız olmaq nə deməkdir? Bu kimi insanlar sağalırlarmı? Sağalırlarsa, anlaqsız olduqları dövrdə törətdikləri cinayətə yenidən baxılırmı? Bu kimi suallar sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Suallara cavab tapmağa çalışdıq.

Hüquqşünas Emil Aslanov Oxu.Az-a açıqlamasında bildirdi ki, müttəhim cinayəti törədən zaman anlaqsız olubsa, sonradan o, məsuliyyətə cəlb oluna bilməz.

"Əgər anlaqsız vəziyyətdə olduğu üçün cinayət məsuliyyətindən azad edilibsə, o zaman sonradan sağalsa belə, məsuliyyətə cəlb olunmur. Çünki cinayəti törədən zaman anlaqsız olub. Lakin əgər cinayəti törədən zaman o, anlaqlı olub, daha sonra hansısa xəstəlik səbəbindən anlaqsız vəziyyətə düşdüyü üçün məsuliyyətdən azad olunubsa, o zaman sağalandan sonra yenidən törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilə bilər. Amma cinayəti törədən zaman anlaqsız olubsa, sonradan o, məsuliyyətə cəlb oluna bilməz", - deyə hüquqşünas vurğulayıb.

Həkim-psixiatr Abdulla Şıxlinski isə Oxu.Az-a açıqlamasında anlaqsızlıq məfhumunun iki kriteriyası olduğunu diqqətə çatdırıb.

"Biri var, tibbi kriteriya, biri də var, hüquqi kriteriya. Tibbi kriteriya odur ki, insan cinayət törədən anda hansısa psixi pozğunluq vəziyyətində olub. Hüquqi kriteriya isə odur ki, vəziyyətindən asılı olmayaraq, o, cinayət törətdiyi anda öz hərəkətlərinə cavabdeh olmaq iqtidarında olmayıb.

Bunlar ayrı-ayrı şeylərdir. Başqa sözlə desək, tibbi kriteriya müəyyən edir ki, sözügedən şəxs xəstədir, yoxsa xəstə deyil, patoloji vəziyyətdədir, yoxsa patoloji vəziyyətdə deyil. Hüquqi kriteriya isə müəyyən edir ki, cinayət törədən anda şəxs öz iradəsi ilə cinayətin qarşısını özü ala bilərdi, yoxsa bilməzdi.

"Anlaqsız vəziyyətdə olmaq" o deməkdir ki, insan cinayəti törətdiyi anda ya müvəqqəti psixi pozğunluq, yəni qısa müddət davam edən psixi pozuntu vəziyyətində olub, ya daimi cərəyan edən psixi xəstəliyin kəskinləşməsi vəziyyətində olub, ya da affekt vəziyyətində olub.

Yəni bu üç vəziyyətdən biri varsa və cinayət törədən anda o, öz hərəkətlərinə cavabdeh olmaq qabiliyyətinə malik deyildisə, o, anlaqsız hesab olunur.

"Anlaqsız" insanın sonradan sağalıb-sağalmayacağını heç bir həkim, heç bir psixiatr öncədən deyə bilməz. Çünki təbabətdə hansı xəstəliyin sağalacağı, hansı xəstəliyin sağalmayacağı kriteriyaları bizə məlum deyil.

Bu artıq ixtisaslaşmış psixiatriya xəstəxanasında yatan müddətdə məlum olur. Əgər sağalırsa, ictimai təhlükəliliyi davamlı surətdə azalırsa və ya itirsə, onu xəstəxanadan buraxırlar, əvvəlki həyatını yaşayır. Əgər sağalmırsa, xəstə vəziyyətindədir, patoloji vəziyyətdədir və ictimai təhlükəlidirsə, elə xəstəxanada da qalır. Xəstəxanadan buraxılmaq və yaxud buraxılmamaq da məhkəmənin qərarına bağlı bir məsələdir.

Məhkəmə qərarı ilə xəstəxanadan buraxılandan sonra isə həmin şəxs, birmənalı olaraq, yenidən cinayət məsuliyyətinə cəlb oluna bilməz. Bu qərardan sonra onu yenidən məhkum edib həbsxanaya göndərmirlər - elə bir şey yoxdur".

Həkim əlavə edib ki, məcburi müalicənin özü də iki cür olur:

"Biri var, müddətli, biri də var, ömürlük məcburi müalicə.

Əgər məhkəmə tərəfindən şəxsə ömürlük müalicə təyin olunursa, o, ömürlük xəstəxanada qalacaq, heç vaxt oradan çıxmayacaq. Müddətli müalicə zamanı isə məhkəmə müəyyən bir müddət qoyur. Həmin vaxtdan sonra yenidən məhkəmənin qərarı olsa, xəstəxanadan buraxıla bilər", - deyə A.Şıxlinski bildirib.

Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O, şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ittiham irəli sürülüb.

Bu gün isə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan olunub.

Hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib. Prokuror Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib. Yekun qərarla Əhməd cəzadan azad edilib və ona Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixiatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun