“Toyuna hazırlaşırdıq, yasını verdik...” – Şəhid Natiq Verdiyevin HƏYAT HEKAYƏSİ – FOTO

10 Oktyabr 2024 14:36

"Vətənə olan sevgisi anasına, nişanlısına olan sevgisindən çox idi. Bilə-bilə ki, sürətlə ölümə doğru gedir, yenə geri çəkilmədi və şəhid oldu".

Vətən Müharibəsinin Xızı rayonundan olan şəhidi Natiq Verdiyev də gedir. 

Qəhrəmanımız Natiq Verdiyev Xızının Xələnc kəndində doğulub. Həmin kənd məktəbində oxuyub, Sumqayıt Texniki Kollecində "Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti" ixtisası üzrə təhsil alıb.

Hərbi xidmətdən bir il sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələr sırasına yazılıb. Anası Səyyarə Verdiyeva onun orduya yazılma səbəbini təsirli bir hadisə ilə əlaqəli olduğunu deyib:

"2016-cı ilin aprel döyüşlərindən sonra idi. Xızı rayonunun Giləzi qəsəbəsinə şəhid Ravil Novruzovun dəfnindən sonra evə gələn Natiq hərbi xidmətini davam etdirməyə qərar verdi və kurs keçdikdən sonra Tərtərdəki "N"saylı hərbi hissəsdə xidmətə başladı. Vətən Müharibəsinin ilk günündə, sentyabrın 27-də gizir Natiq Verdiyev "Həmlə" taborunun üzvü kimi Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb. Murovun "3340 "yüksəkliyinə azan sədaları altında ilk bayraq sancanlardan biri olub və üç gün bu yüksəkliyin müdafiəsi uğrunda vuruşaraq qəhrəmancasına şəhid olub".

Səyyarə ana danışır ki, cəbhədə döyüşlər gedən zaman onkoloji xəstəlikdən müalicə olunurmuş:

"Allahdan 6 ay möhlət istəmişdim ki, müharibə qurtarsın, oğlumu görüm. Amma altı ayın tamamında -oktyabrın 1-də oğlumun şəhidlik xəbəri gəldi."

2020-ci il oktyabr ayının 3-də doğulduğu Xələnc kəndində dəfn olunan Natiq Verdiyevin nisgilli həyat hekayəsi var. Hərbçimiz nişanlı idi. Anası deyir ki, rayonların birinə gedib qızın "hə"sini alıb nişan taxmışdıq. Noyabr ayında toyunu edəcəkdik, şadlıq sarayı da danışmışdıq. Yasını verdik".

Şəhid Natiqin vəfalı nişanlısı ilə də söhbətləşdik. Gənc xanım Natiqsiz ona çox çətin olduğundan kövrəkliklə danışdı.

Onun şəhid olduğu günün gecəsi gördüyü yuxunun xofundan indi də ayıla bilmədiyini deyir:

"Natiqi şəhid olduğu günün gecəsi onu hərbi geyimdə yuxuda gördüm. Üzü qan içində idi. Heç nə demirdi, elə hey gülürdü. O gecə heç yatmadım, səhərə kimi narahat oldum. Elə son dəfə də həmin gün danışmışdıq. "Nə vaxt qayıdacaqsan?" sualına "10 günə gələcəyəm" cavabını vermişdi. Yuxumu heç kimə danışa bilmirdim , qorxurdum gerçək olar, oldu da. İki gün sonra şəhid xəbərini aldıq, danışdığımız gecə şəhid olubmuş..."

O, mərhum nişanlısının 4 qız atası olmaq arzusunu da dilə gətirib:

"Həmişə deyirdi ki, 4 qız uşağı istəyirəm, tabutunu qucaqladım".

Şəhid Natiq Verdiyevin nişanlısı onu tanıyıb sevməyinə peşman olmadığını söyləyir. Deyir ki, bu dünyaya bir də gəlsəm, eyni şeyləri yaşayacağımı bilsəm belə, yenə də Natiqi seçərdim".

Amma, onkoloji xəstəliyə qalib gələn Səyyarə ananın da, toyu yasa dönmüş gənc nişanlısının da bir təsəllisi var: Natiq onlardan da çox sevdiyi Vətənin yolunda onları Natiqsiz qoyub.

Qeyd edək ki, Natiq Verdiyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Bizim.Media