MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qürurverici hadisədir və Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin daha bir təzahürü, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və qüdrətinin göstəricisidir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, bu bir daha göstərir ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul edilir və regionun siyasi gündəliyi ölkəmizin iradəsi ilə müəyyən edilir.
"Laçın 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında böyük dağıntılara məruz qalıb və demək olar ki, tamamilə dağıdılmışdı. Azərbaycan Laçını işğaldan azad etdikdən sonra dərhal yenidənqurma və bərpa işlərinə başlanıldı, Laçına həyat yenidən qayıtdı. Bu gün Laçın bərpa olunub, Azərbaycanın ən gözəl guşələrindən birinə çevrilib və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan xalqı, xüsusilə də laçınlılar tərəfindən böyük minnətdarlıqla qarşılanır", - deyə S.Mikayılova bildirib.
S.Mikayılova qeyd edib ki, Azərbaycan bütün nailiyyətlərə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı qətiyyətli və düşünülmüş, milli maraqlara söykənən siyasəti sayəsində nail olub.
Deputat vurğulayıb ki, digər önəmli bir hadisə isə, növbəti il Azərbaycanda III MDB Oyunlarının keçirilməsi ilə bağlı qərarın verilməsi ilə bağlıdır.
"Azərbaycan həm də dünyada bir idman ölkəsi olaraq nüfuz qazanıb, böyük beynəlxalq idman yarışlarına ev sahibliyi edir. III MDB Oyunlarının keçirilməsi Azərbaycanın idman sahəsində növbəti uğuru və idmanın inkişafına beynəlxalq müstəvidə növbəti mühüm töhfəsi olacaq. Bu eyni zamanda beynəlxalq aləmdə Azərbaycana olan böyük etimadın daha bir nümunəsidir", - deyə deputat əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun