PreCOP29 çərçivəsində müzakirələr başlayıb - FOTO

10 Oktyabr 2024 09:37

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (UNFCCC) ərəfəsində keçirilən PreCOP29 iclası başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu iclas, iqlim sammitindən əvvəl keçirilən tədbirdir.

PreCOP adətən COP-dan bir ay əvvəl keçirilir və Paris İqlim Sazişinin iştirakçılarının iqlim dəyişmələrinə qarşı mübarizə üzrə əsas məsələlərdə mövqelərini dəqiqləşdirmək məqsədi daşıyır.

Bakıda keçirilən PreCOP29 "Ambisiyaların artırılması və fəaliyyətlərin təmin edilməsi" devizi altında baş tutacaq.

Konfransın açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP28-in prezidenti Sultan Əl Cabir, BMT-nin Baş katibinin müavini Əminə Ceyn Məhəmməd, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və köməkçi icra orqanının (SBI) sədri Nabil Munir çıxış edəcəklər.

Plenar müzakirə "COP29-a gedən yol" mövzusunda keçiriləcək, çıxışçılar "onlar üçün COP29-da uğurlu, balanslaşdırılmış nəticə nə deməkdir və niyə?" suallarına cavab verərək 2-3 prioriteti vurğulayacaqlar.

3 mövzu üzrə paralel tədbirlər nəzərdə tutulub - "Yeni Kollektiv Kəmiyyət Məqsədi" (NCQG), "Adaptasiya, itkilər və zərərlər" və "İqlim dəyişmələrinin təsirlərinin azaldılması".

Bundan əlavə, 10 oktyabr tarixində COP-un "Trio" rəhbərliyi (BƏƏ, Azərbaycan və Braziliya) "Missiya 1.5: Beynəlxalq əməkdaşlığın gücləndirilməsi" üzrə Yol xəritəsini təqdim edəcək.

Qlobal iqlim tədbirləri üzrə şəffaflığın stimullaşdırılması barədə da müzakirələr aparılacaq.

Proqrama uyğun olaraq, 11 oktyabrda Böyük Britaniya, Vanuatu və Azərbaycanın təşkilatçılığı ilə "İqlim və İnkişaf-2024" üzrə Nazirlər Konfransı keçiriləcək.

Həmçinin "İqlim dəyişmələrinə davamlı gələcək üçün insan potensialının inkişafı" mövzusu müzakirə olunacaq.

COP28, COP29 və Bərpa Olunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentlik (IRENA) PreCOP29 iştirakçılarını enerji sahəsində konsensus nəticələri ilə tanış edəcəklər.

Bununla yanaşı, iqlim və sülh üzrə ümumi məsləhətləşmələr aparılacaq və PreCOP29-un sonunda COP29-un əməliyyat şirkəti logistik brifinq təşkil edəcək.

Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) keçiriləcək.

Xəbər yenilənəcək

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun