Rusiya Prezidenti Vladimir Putin İrəvanın qərbyönlü kursuna və sərt bəyanatlarına baxmayaraq, Ermənistanla münasibətlərini qoruyur.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Avrasiya Hərəkatının analitik şöbəsinin rəhbəri Vladimir Kireyev deyib.
O bildirib ki, bunun səbəbi Gürcüstan təcrübəsidir - Tiflis göstərdi ki, Ermənistanın siyasi kursunu hələ də dəyişmək olar.
Ekspert Putinin Paşinyanla görüşdə daha çox iqtisadi amillərə diqqət çəkdiyini vurğulayıb. Belə ki, Putin ötən il Ermənistanla ticarət dövriyyəsinin 7,4 milyard, bu ilin birinci yarısında isə 2,5 dəfə artaraq 8,3 milyard dolları ötməsindən danışıb və ilin sonuna qədər bu rəqəmin 16 milyarda çata biləcəyini qeyd edib.
"Qərbin sanksiyaları fonunda Ermənistanla iqtisadi əlaqələr Rusiya üçün vacibdir. Rusiya "yumurtaları bir səbətə qoymamaq" və sanksiyalar altında olan malların qiymətini artıra biləcək konkret tərəfdaşdan asılı olmamaqla paralel idxal axınının müxtəlif ölkələrə paylanmasında maraqlıdır. Rusiyanın mümkün qədər çox ticarət tərəfdaşına ehtiyacı var", - ekspert izah edib.
Onun sözlərinə görə, Paşinyanın bəzən sərt bəyanatları və Ermənistanın Qərblə geosiyasi əməkdaşlığı Moskvanı çox da narahat etmir:
"İndi Rusiyanın Cənubi Qafqazda daha əhəmiyyətli hərbi-strateji tərəfdaşı olan Azərbaycan var, ona görə də Moskva İrəvanı ilk növbədə iqtisadi tərəfdaş kimi qəbul edir. İrəvanın Qərbə istiqamətli kursuna baxmayaraq, Putinin Ermənistanla ticarəti artırmaq istəyi təkcə ani mənfəətlə deyil, həm də gələcək hədəflərlə müəyyənləşir. Ermənistan hakimiyyətinin dəyişməsi ilə yeni əməkdaşlıq sahələri açıla bilər.
Ermənistan rəhbərliyinin siyasi baxışlarının təkamülü çox əhəmiyyətlidir və bu, Nikol Paşinyanla bitməyə bilər. Qarşımızda Gürcüstan nümunəsi var, burada tamamilə qərbyönlü hökumət tədricən Rusiya ilə yaxınlaşmağa və onu mühüm tərəfdaş kimi görməyə başladı. İndi 12 il əvvəl hakimiyyətə gələn bu hökumət Qərbdə, o cümlədən ABŞ-da düşmən hesab olunur. Ona görə də Ermənistanın geosiyasi prioritetləri bununla bitmir. Paşinyan hərbi-siyasi mənada antirusiyadır, iqtisadi baxımdan isə hətta kifayət qədər rusiyapərəstdir".
Qeyd edək ki, Ermənistan Rusiyaya tətbiq edilən sanksiyaların dəlinməsində xüsusi rol oynayır və milyardlarla vəsait qazanır, əvəzində isə Paşinyan "antirust siyasətçi" imitasiyası ilə Qərbin təzyiqindən sığortalanır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun