“Küçədə gəzəndə çox qorxuram, əl-ayağım titrəyir...” - FOTOlar

9 Oktyabr 2024 16:21

Türkiyədə günlərdir İkbal Uzuner və Ayşenur Halil adlı gənc qızların 19 yaşlı Semih Çelik tərəfindən vəhşicəsinə qətlə yetirilməsi müzakirə olunur. Hər kəs bu barədə paylaşımlar edərək baş verə biləcək oxşar hadisələrin qarşısını almağa çalışır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu günlərdə əsasən də diqqət çəkən məşhurların paylaşımları olur. Türkiyə ilə yanaşı, ölkəmizdə də tanınmışlar tərəfindən belə paylaşımlar edilir.

Türkiyənin məşhur iki aktrisası, Serenay Sarıkaya və Hande Erçel isə bu dəfə diqqəti hadisə ilə bağlı paylaşımlar etməmələri ilə çəkiblər. Aktrisalar buna görə tənqidlərə tuş gəliblər.

Hər iki aktrisa ötən gün qatıldıqları bir mərasimdə cinayət hadisəsi ilə bağlı açıqlama veriblər.

Serenay Sarıkaya bildirib ki, bu barədə çox danışmağa dəyməz: "Çünki ardı-arası kəsilməyən, qandonduran, inanılmaz hadisələr yaşayırıq. Çox qısa müddət ərzində yaşadıq hər şeyi. Bununla bağlı artıq deyiləcək bir söz yoxdur, edilməsi lazım olan şeylər var".

Aktrisa daha sonra "X" hesabında paylaşım edib: "Deyilən sözlərin diqqətimizi əsas məqsəddən yayındırdığı bir dövrdəyik və davamlı olaraq hirsimizi çıxarmaq üçün başqa mövzular axtarırıq. Dəstək məqsədilə bir post paylaşıb, bir şüar səsləndirib, bir neçə kəlmə deyib gündəlik həyata davam etməyi saxta hesab edirəm. İndi hərəkət zamanıdır".

Son zamanlar şəxsi həyatı və açıqlamaları ilə gündəmdə olan Hande Erçel də qadın cinayətləri ilə bağlı qısa açıqlama verdiyi üçün tənqid edilmişdi.

O, ötən gün qatıldığı tədbirdə qorxduğunu bildirib: "Klaviaturanın önündə oturub bizi hədəfə çevirən bir kütlə var. Mən də qorxuram. Mikrofona hər şeyi deyə bilərəm, amma nəyinsə dəyişəcəyinə ümidim yoxdur. Mən də küçədə gəzəndə çox qorxuram, əl-ayağım titrəyir. Bu manyaklar, qatillər, azğınlar küçələrdədilərsə, bizim danışmağımızla heç nə dəyişməz. Bunun həlli bizim danışmağımızda deyil".

Xatırladaq ki, hadisə oktyabrın 5-də İstanbul şəhərinin Fatih rayonunda baş verib. Psixoloji problemləri olan 19 yaşlı Semih Çelik adlı şəxs İkbal Uzuner adlı qızın başını bıçaqla kəsərək Edirnekapı qala divarlarından aşağı atıb. Daha sonra Çelik boğazına ip keçirib və özünü qala divarlarından ataraq intihar edib. O, həmin gün daha əvvəl öz evində digər sevgilisi Ayşenur Halil adlı 19 yaşlı qızı da vəhşicəsinə qətlə yetirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun