Azərbaycan filmində qalmaqallı səhnə - İş adamına xəyanət, sürpriz eşq... - FOTOlar

9 Oktyabr 2024 09:53

Milli.Az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (14-cü say) təqdim edir:

Ötən gün kinoteatrda "Qapı" filminin təqdimatı keçirilib. Filmin ssenarisi müzakirələrə səbəb olub. Buna səbəb ekran işində azərbaycan kinolarına xas olmayan səhnələrin yer almasıdır. Belə ki, azərbaycan kinosunda ilk dəfə eynicinslilərin münasibəti göstərilib.

Adından da göründüyü kimi bağlı qapı arxasında cərəyan edən hadisələr hamısı xadimənin varlı ev sahibinin evdən oğurluq etmək fikrinə düşməsindən sonra yaşanır. Baş rollarına Rəfael İsgəndərov, Sənubər İsgəndərli, Taleh Yüzbəyov və başqaları çəkilən kino ümumilikdə dramatik mövzuda olsa da, ekran işində kifayət qədər gülməli səhnələrə yer verilib.

Ekran işində demək olar ki, ailə dəyərləri heçə sayılıb. Oğrunun həyat yoldaşının başqası ilə münasibəti, iş adamının o evdə yox ikən evə müğənni sevgilisini çağırma səhnəsi bunu deməyə əsas verir. Ekran işində iki aktyorun öpüşməsinin təsvir olunduğu səhnə isə kinonun klüminasiya nöqtəsi idi. Məhz bu səhnə zalda şok effekti yaratmışdı. Bu həqiqətən gözlənilməz idi, həm kinoda, həm də Azərbaycan kinosunda...

Ümumilikdə, filmi diqqət cəlb etmək baxımından uğurlu hesab etmək olar. Sonda çəkiliş heyətinin ünvanlanan davamlı alqışlar bunu deməyə əsas verir. Hətta, film o qədər yaxşı alınmışdı ki, yuxarıda bəhs etdiyim səhnə də qısa zamanda yaddan çıxmışdı. Mənfi tərəfi o idi ki, kinoda çatdırılacaq heç bir mesaj yox idi və ya var idisə belə bəzi səhnələr onu kölgədə qoyurdu.

Qeyd edək ki, film "Alatava"nın çəkiliş heyətindən" şüarı ilə təqdim olunub. Kriminal tragikomediya janrında olan filmin xronometrajı 90 dəqiqədir. Kino yaşı 18-dən yuxarı olanlar üçün nəzərdə tutulub. Ekran işində köməkçi rollarda influenserlər çəkilib. Kinonun sponsorları azdır, büdcəsinin nə qədər olması açıqlanmasa da, ümumilikdə, tamaşaçını yormur, lüzumsuz səhnələrə, boş reklam kadrlarına yer verilməyib. 

Milli.Az