Bakı Beynəlxalq Film Festivalı çərçivəsində "Birgə film istehsalı" mövzusunda müzakirə keçirilib - FOTO

8 Oktyabr 2024 17:34

Festival çərçivəsində prodüser Emil Nəcəfov və türkiyəli həmkarı Əmrah Kılıçın iştirakı ilə "Birgə film istehsalı" mövzusunda müzakirə keçirilib.

Ortaq layihələrin tarixindən söz açan Emil Nəcəfov bildirib ki, müasir kinoda bu istiqamətin xüsusi rolu var:

"Doxsanıncı illərdən başlayaraq bu günümüzə qədər ən böyük festivallarda mükafat alan filmlərin 60-70 faizi birgə istehsalın payına düşür. Hazırda da bu tendensiya davam edir. Artıq iki yox, üç, dörd və daha çox ölkə bir filmin istehsalına qoşulur. Təəssüflər olsun ki, bizdə bu ənənə geniş yayılmayıb. Bunun da həm obyektiv, həm subyektiv səbəbləri var. Türkiyədə isə uzun illərdir ki, bu təcrübə mövcuddur" - deyə o qeyd edib.

Müştərək layihələri bir çox piçinqlərdə qalib olan Əmrah Kılıç bu sahədə qazanmış olduğu təcrübəni tədbir iştirakçıları ilə bölüşüb. Prodüser azərbaycanlı rejissorla uğurlu işbirliyinə dair nümunələrin olduğunu qeyd edib.

"TRT 12 Punto" tərəfindən hər il üç layihəyə "Ortak yapım" mükafatı verilir. Ancaq filmləriniz hələ ssenari mərhələsində ikən bura müraciət etməlisiniz. Üç il öncə "TRT 12 Punto"dan Hilal Baydarovun " Balıqlara xütbə" layihəsi üçün dəstək almışdıq. Düşünürəm ki, bu nümunə sizin rejissorlar üçün də faydalı ola bilər. Belə layihələri izləyib, siz də müraciət edə bilərsiniz. Ancaq sözügedən platformaya müraciət üçün Türkiyədən ortaq yapımcının olması mütləqdir" - deyə prodüser bildirib.

Daha sonra prodüserlər tədbir iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşəbbüsü ilə keçirilən "Baku Cinema Breeze"in (BCB) bir hissəsidir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az