Cəbrayılın içməli su ilə təmin olunması üçün hansı işlər görülür? - AÇIQLAMA

8 Oktyabr 2024 13:10

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə icra olunan Cəbrayıl şəhərinin xarici su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla 15 min nəfərin tələbatının ödənilməsinə hesablanıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyib.

Onun sözlərinə görə, Cəbrayıl şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 2023-cü ildə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb.

"Seçilmiş mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir.

Cəbrayıl şəhərinin şimalında yerləşən quyu zonasında ümumilikdə 9 subartezian quyusunun qazılması layihələndirilib və artıq bu istiqamətdə işlərə başlanılıb. İlkin mərhələdə 3 quyu qazılacaq. Cəbrayıl şəhər ərazisində 3 ədəd artezian quyusunun birinci mərhələsində qazıntı işləri nəzərdə tutulub. Məhsuldarlığı saniyədə 12 litr olan quyulardan biri qazılıb, 6 saylı Subartezian quyusunun İdarəetmə otağında son tamamlama işləri görülüb, istifadəyə verilib. Cəbrayıl şəhərində məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.

Ərazidə hər birinin tutumu 1000 kubmetr olan 2 anbar tikilir. 1-ci anbar test sınağından keçirilərək, istismara verilib. 2-ci anbarın 1000 kubmetr hissəsinin dəmir-beton işləri yekunlaşıb, izoliasiya işləri davam edir. Siyirtmə kamerasında və gözətçi otağında işlər yekunlaşıb.

280 diametrlik boru ilə 1177 metr şəhərin giriş nöqtəsinə qədər olan magistral xətt də tam hazırdır. Şəhərin çıxışından 600 diametrlik boru ilə 5300 metr məsafədə kanalizasiya xətti çəkilib", - deyə o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun