“Yeganə şahid o qadındır” - Əhməd ifadəsini təsdiqlədi - YENİLƏNİB

8 Oktyabr 2024 16:49

Öz ailəsinin qatili kimi ittiham olunan Əhməd Əhmədovun məhkəmə araşdırması üç ay sonra qaldığı yerdən davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ətrafdakılar üçün təhlükəli hesab olunan Əhməd saxlanıldığı xüsusi xəstəxanadan polis müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Məlumat üçün bildirək ki, hakim prosesin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edib və jurnalistlər zala buraxılmayıb.

Qısa olaraq xatırlatma edək ki, əvvəlki baxış iclasında prokurorluğun göndərdiyi qərar elan edilmişdi. Qərarda yazılıb ki, təqsirləndirilən şəxsin hadisəni anlaqsız vəziyyətdə törətməsi həkim rəyləri ilə öz təsdiqini tapıb. Bu səbəbdən onun cəzadan azad edilərək ixtisaslaşmış müalicə müəssisəsinə köçürülməsi tövsiyə edilir.

Əhməd özü də anlaqsız vəziyyətdə cinayət törətdiyini boynuna alıb, əlavə ifadə vermək istəməyib.

Bugünkü iclasda sədrlik edən hakim Səbinə Məmmədzadə təqsirləndirilən şəxsin həbsindən bir neçə gün sonra müstəntiqə verdiyi ifadəsini elan edib.

Əhməd həmin ifadəsində etiraf etmişdi ki, mütəmadi olaraq ailəsinə problemlər yaratdığı üçün illər əvvəl ona əlavə ev alıblar. O, həmin evdə tənha yaşadığı üçün atası, anası, bacısı və qardaşı ilə normal münasibəti olmayıb. Məhz ona diqqət göstərmədiklərinə görə, ailəsinə qarşı nifrəti yaranıb. Bundan əlavə o iddia edib ki, sanki içindən gələn səslərdə ona "ailəni öldürməlisən" deyilirmiş. Müstəntiqin "yaxşı, bəs, azyaşlı qardaşını və bacının qızını niyə öldürdün", - sualına isə Əhməd "böyüyüb valideynlərinə oxşayacaqlarını düşündüyüm üçün...", - cavabını verib.

O, cinayətin yeganə şahidinin qonşuluqda yaşayan adını bilmədiyi qadın olduğunu deyib. Həmin qadının Əhmədin anasını və qardaşını öldürərkən ona mane olmaq istəməsi, lakin qarşısındakı mənzərədən qorxduğu üçün polis çağırmaqdan başqa nə isə edə bilmədiyi barədə əvvəlki yazımızda məlumat vermişdik.

Ümumilikdə təqsirləndirilən şəxsin indi elan olunan ifadəsində dediklərini ibtidai istintaq bitən kimi saytımızda dərc etmişdik. Bu səbəbdən bütövlükdə təkrar təqdim etmirik.

***

Prosesdə iştirak edən Əhmədin vəkili Sənan Hüseynov deyib ki, müvəkkili istintaq dövründə dediklərini təsdiq edib. Əlavə nə isə demək istəməyib. Hakim müttəhimin anlaqsız olduğunu nəzərə alaraq istəyini qəbul edib. Proses oktyabrın 10-u hüquqi varislərin ifadəsi ilə davam edəcək.

Qeyd edək ki, bu hadisə ilin ən dəhşətli cinayəti kimi yaddaşlara həkk olunub. 25 yaşlı Əhməd valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur. Ekspert rəyi ilə anlaqlı olduğu təsdiq edilsəydi, cəzası ömürlük həbs olmalı idi.

Sail Ağasəlim

-------

10:27

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə bu gün məhkəmə prosesi başlayır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Əhməd Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan ediləcək.

Proses bu gün saat 11:00-da başlanacaq.

Qeyd edək ki, sonuncu dəfə Əhməd Əhmədovun məhkəməsi sentyabrın 10-da keçirilib. Həmin gün Əhməd Əhmədov məhkəməyə gətirilmədiyi üçün proses bu günə təxirə salınıb.

Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun