Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar

8 Oktyabr 2024 09:04

Zaqatala rayonunun əksər kəndlərində qəhvəyi mərmər bağacığı adlı böcək kütləvi şəkildə yayılıb. Artıq evlərə dolan böcəklər hər kəsi narahat etməyə başlayıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, ziyanverici böcəklər rayonun Aşağı Çardaqlar, Fındıqlı, Əliabad, Qandax, Kəpənəkçi və digər kəndlərdə müşahidə olunur. Sakinlərin sözlərinə görə təsərrüfatlar, meyvə bağları, evlərin divarları və içərisi böcəklərlə doludur.

Mütəxəssislərin sözlərinə görə, bu böcək 400 növ bitkiyə, 40-a qədər meyvə növünə ciddi zərər vurur. Toxunduqda pis qoxu yayan qəhvəyi mərmər bağacığı əsasən havanın temperaturunun yüksək olduğu saatlarda çoxala bilir.

Aqrar Xidmətlər Agentliyinin Balakən Regional Bitki Mühafizə Mərkəzinin rəisi Turac Səfərli "Report"un yerli bürosuna bildirib ki, mərkəzin əməkdaşları tərəfindən zərərvericilərin məhv edilməsinə başlanılıb:

"Payız ərəfəsində Zaqatala və Balakən rayonları ərazisində qəhvəyi mərmər bağacığının artımı müşahidə olunur. Qoz bağlarında, digər meyvə bağlarında yığım bitdikdən sonra kimyəvi mübarizə tədbirləri həyata keçiririk. Bağacığın kütləvi yayılmasının qarşısını almaq üçün bizimlə bərabər mən tövsiyə edərdim ki, hər bir vətəndaş özü də səy göstərsin, mexaniki üsulla evlərdə mübarizə aparsın. Bu böcəklər qışlama dövründə daha çox isti yerlərdə, müxtəlif əşyaların arasında gizlənir.

Əvvəlki dövrlərə nisbətən bağacığın yayılma arealı nisbətən genişlənib. Zaqatalanın 8, Balakənin isə 9 kəndində kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda mexaniki və kimyəvi mübarizə davam edir. Zaqatalada 40 hektardan çox, Balakəndə isə 69 hektara yaxın ərazidə kimyəvi mübarizə tədbiri aparılıb".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun