Bakıda 3 otaqlı həyət evi tikmək neçəyə başa gəlir?

12 Oktyabr 2024 15:09

İldən-ilə artan ev qiymətləri bir çox insanlarda həyət evinə marağı artırır. Onlar binalardan ev almaqdansa, həyət evi tikməyin daha ucuz başa gələcəyini düşünürlər. Buna görə də, müxtəlif ərazilərdə torpaq sahəsi alıb, özləri ev tikməyə çalışırlar. Bu zaman da keyfiyyətli material tapmaq, usta xərcləri, material xərcləri və s. kimi bir çox məsələlər ortaya çıxır. Bütün xərcləri hesabladıqdan sonra insanların özlərinin ev tikməsinin daha ucuz başa gəldiyini və ya əksinə olduğunu müəyyən etmək olar. Maraqlıdır, Bakıda 3 otaqlı ev tikmək üçün nə qədər pul lazımdır?

Milli.Az xəbər verir ki, bu barədə Valyuta.az-a Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının üzvü olan Məhəmməd Nəcəfli bildirdi ki, evlərin qiyməti onların yerləşdiyi ərazidən asılı olaraq dəyişir:

"Evin qiymətini neçə sotda, hansı üslubda, hansı materiallarla tikilməsi və ev sahibinin istəyinə uyğun orada nələrdən istifadə olması ilə müəyyənləşir. Bakının müxtəlif ərazilərində ev tikmək üçün topraq sahələrinin qiyməti fərqlidir. Buna görə də, konkret demək olmaz ki, 3-5 otaqlı ev tikmək neçəyə başa gələr? Amma normal 3 otaqlı bir ev tikmək üçün təxminən 3-4 sot torpaq sahəsi olmalıdır. Həmin evin sahəsi ortalama olaraq 100-120 kvadrat metr olur".

Tikiləcək evin xərclərinə gəlincə, M.Nəcəfli bildirdi: "Bahalı materiallarla ev tikmək istəyən şəxslər üçün bu evin qiyməti bir az yüksək ola bilər. Ev tikintisini daha ucuz materiallardan istifadə edərək münasib qiymətə başa gətirmək olar. Bu zaman da keyfiyyətlə bağlı problemlər yaranır və daha sonra həmin evi təmir etməyə daha çox xərc çıxır. Amma normal keyfiyyətli materiallardan istifadə olunaraq 3 otaqlı bir ev tikən zaman 1 kvadrat metr üçün xərci 800-850 manat olur. Yəni, 100 kvadrat metrlik ev tikmək üçün 80-85 min, 120 kvadrat metrlik ev tikmək üçün 96-102 min manat vəsait lazım olur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun