Sumqayıt şəhər stadionuna yeni direktor təyin olundu

7 Oktyabr 2024 17:40

Boks üzrə Azərbaycan yığmasının sabiq üzvü Şahin İmranov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna yeni direktor təyin olunub.

Milli.Az sportinfo.az-a istinadla bildirir ki, Gənclər və İdman Nazirliyi bu variant üzərində dayanıb. Nazir Fərid Qayıbov müxtəlif dairələrlə danışaraq, Sumqayıt şəhərindən olan İmranovun müvafiq vəzifəyə keçidinə razılıq alıb.

Bilindiyi kimi, stadionunun direktoru Nadir Quliyev vəzifəsindən gedib. Bu ilin əvvəlində yenidən istifadəyə verilən arenanın rəhbəri öz istəyi ilə istefa ərizəsi yazıb.

Əvvəlki direktorun iş yerindən getmək istəməsi təsadüfən yaranmayıb. Stadionun idarəetməsində ciddi problemlər əmələ gəlib.

Maliyyə cəhətdən yaranan çətinliklər son aylar özünü daha çox büruzə verib. Burada çalışan əməkdaşlar aylardır ki, əməkhaqqı ala bilmirlər.

O cümlədən, kommunal xərclərin ödənilməsi müşkülə dönüb. Bu səbəbdən stadionun müxtəlif dövlət təşkilatlarına böyük miqdarda borcu yaranıb.

Qeyd edək ki, Şahin İmranov 2002-2008-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. İki dəfə Olimpiya Oyunları, iki dəfə dünya, üç dəfə isə Avropa çempionatında mübarizə aparıb.

2008-ci ildə Çində XXIX Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub.

Həmçinin 2002-ci ildə Perm şəhərində (Rusiya) və 2006-cı ildə Plovdiv şəhərində (Bolqarıstan) baş tutan Avropa çempionatlarının gümüş medallarına sahib olub.

Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, "Tərəqqi" medalı ilə təltif edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun