Azərbaycan COP29-un maliyyə öhdəlikləri ilə yanaşı digər faktiki əlavə xərcləri öz üzərinə götürür

7 Oktyabr 2024 15:34

Azərbaycan hökuməti Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) maliyyə öhdəlikləri ilə yanaşı, birbaşa və ya dolayısı ilə əlaqədar olan faktiki əlavə xərcləri öz üzərinə götürür.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qeyd olunub ki, müvəqqəti olaraq müəyyən edilən 5 milyon 811 min 800 ABŞ dolları miqdarında belə xərclərə katibliyin və Konfransı planlaşdırmaq, xidmət göstərmək və ya iştirak etmək üçün təyin edilmiş Birləşmiş Millətlər Təşkilatının digər rəsmi şəxslərinin səyahət və işçi hüquqları ilə bağlı faktiki əlavə xərclər, o cümlədən bu Sazişin bağlanmasından əvvəl həyata keçirilənlər də daxil olmaqla, Konfransı planlaşdırmaq üçün tələb olunan hazırlıq texniki missiyalar üzrə xərclər və informasiya və kibertəhlükəsizlik və veb yayımı xidmətlərinin xərcləri aiddir, lakin bunlarla məhdudlaşmır.

Hökumət bu təxmin edilən məbləği vəsaitlərin köçürülməsi üçün Tərəflər arasında məktub mübadiləsi yolu ilə bağlanacaq ayrıca sazişə uyğun olaraq katibliyə köçürəcəkdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun