İkili oyunlara qarşı Azərbaycanın qətiyyətli siyasəti

6 Oktyabr 2024 19:09

Qərbin ikiüzlü siyasəti və ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı nümayiş etdirdiyi siyasi həyasızlıq beynəlxalq münasibətlər sistemində ədalət prinsipinin dəfələrlə pozulduğunu deməyə əsas verir. Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayılda çıxışı zamanı səsləndirdiyi fikirlər bu siyasi mənzərənin real və acınacaqlı təzahürüdür. Ermənistanın işğalçılıq siyasətinə 30 il ərzində göz yuman, ona dəstək verən və onun törətdiyi insanlıq əleyhinə cinayətlərə qarşı heç bir tədbir görməyən Qərb dövlətləri, özləri də etiraf edirlər ki, beynəlxalq hüququn norma və prinsiplərini bəzən öz maraqlarına uyğun tətbiq edirlər.

Ermənistan sanksiyalardan kənarda qaldı

Münaqişə dövründə Ermənistan Azərbaycanın təxminən 20 faiz torpaqlarını işğal edib, burada etnik təmizləmə siyasəti həyata keçirib, Xocalı soyqırımını törədib və Azərbaycanın mədəni irsinə ciddi zərər vurub. Buna baxmayaraq, Ermənistan nəinki beynəlxalq hüquq çərçivəsində sanksiyalara məruz qalmış, hətta Qərb dövlətləri tərəfindən dəstəklənmişdir. Bu, beynəlxalq münasibətlərdə ikiüzlülüyün açıq göstəricisidir. Azərbaycan isə öz ərazilərini azad etmək cəhdlərinə görə müxtəlif ittihamlarla üzləşib, sanksiyalara məruz qalıb. Məsələn, ABŞ-ın 1992-ci ildə Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəliş Ermənistana edilən dəstəyi daha da açıq şəkildə nümayiş etdirir.

Minsk Qrupunun Fəaliyyətsizliyi

Minsk Qrupunun münaqişəni həll etmək adı altında göstərdiyi səylər əslində Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaq məqsədi daşıyırdı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnaməyə görə Ermənistanın işğal etdiyi torpaqları geri qaytarması tələb olunurdu. Lakin bu qətnamələrin heç biri həyata keçirilmədi və Minsk Qrupu tərəfindən real nəticələr doğuracaq addımlar atılmadı. Əksinə, Minsk Qrupu işğalı legitimləşdirməyə çalışan siyasi bəyanatlarla çıxış etdi və Azərbaycanı alçaldıcı sülhə təhrik etməyə çalışdı.

İkili Standartlar və Qərbin Ukraynaya münasibəti

Bu ikiüzlülüyün daha bir misalı Qərbin Rusiya-Ukrayna müharibəsinə münasibətində özünü göstərir. Qərb dövlətləri Ukraynanın ərazi bütövlüyünü bərpa etmək məqsədilə ona hər cür silah və maliyyə yardımı göstərir, hətta silahlanma siyasətini tam dəstəkləyir. Lakin Azərbaycana qarşı belə bir dəstək heç vaxt göstərilməyib, əksinə, Qərb dövlətləri Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək cəhdlərinə mane olmaq üçün əlindən gələni edib. Azərbaycana qarşı tətbiq edilən sanksiyalar da bunun açıq təzahürüdür. ABŞ Konqresində 60 ermənipərəst konqresmenin Azərbaycanın iradəsini sarsıtmaq məqsədilə irəli sürdüyü yeni sanksiya təşəbbüsü bu ikili standartların davamıdır.

ABŞ Dövlət Departamentinin ikili oyunu

ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycana qarşı aparılan siyasət ikiüzlülükdən başqa bir şey deyil. 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edən ABŞ, Əfqanıstandakı maraqlarını qorumaq üçün bu sanksiyaları 2001-ci ildə aradan qaldırıb. Əfqanıstandakı işğalçılıq müharibəsi başa çatdıqdan sonra isə bu sanksiyalar yenidən tətbiq edilib. Bu, ABŞ-nin Azərbaycana qarşı münasibətində olan ikiüzlülüyün bariz nümunəsidir.

Prezidentin dediyi kimi, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi beynəlxalq hüquq çərçivəsində hüquqi və haqlı bir addım idi. Buna baxmayaraq, ABŞ və onun müttəfiqləri tərəfindən Azərbaycanın bu haqlı mübarizəsi hədələnir və ölkə hər cür təzyiqlərlə üzləşir. Bu siyasət Azərbaycan xalqının suveren hüquqlarını pozmağa yönəlmiş addımlardır və Qərb dövlətlərinin mənafelərinə zidd hərəkət edən hər bir dövlətə qarşı tətbiq etdikləri standart bir davranışdır.

Gizli təbliğat və sülhə maneə

Prezident Cənrayıldakı çıxışı zamanı anti-Azərbaycan qüvvələrin gənc nəslin şüuruna təsir göstərmək cəhdlərinin olduğunu vurğulayıb. Bu, Qərb dövlətlərinin Azərbaycana qarşı apardığı siyasi təbliğatın tərkib hissəsidir və müxtəlif qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirilir. Bu təbliğat Azərbaycanın gələcək inkişafına mane olmaq və ölkəni daimi təzyiq altında saxlamaq məqsədi güdür.

Qərbin ikiüzlü siyasəti və ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı nümayiş etdirdiyi siyasi həyasızlıq regionda stabilliyi pozmağa və müstəqil dövlətlərin suverenliyini təhdid etməyə yönəlib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi prosesində Qərbin sərgilədiyi bu ikiüzlü münasibət beynəlxalq hüququn tətbiqi məsələsində ciddi suallar doğurur. Azərbaycanın öz gücünə arxalanaraq bu haqsızlıqlara qarşı durması regionda və dünyada ədalətin bərpası üçün önəmli bir nümunədir.

Prezidentin çıxışında vurğuladığı kimi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi prosesində əldə etdiyi nailiyyətlər Qərb dövlətləri üçün bir dərs olmalıdır. Azərbaycan heç kimdən icazə almadan, öz gücü və xalqının fədakarlığı sayəsində öz ərazi bütövlüyünü təmin etmişdir. ABŞ və onun müttəfiqləri bu reallığı qəbul etməli və Azərbaycana qarşı ikiüzlü siyasətlərindən əl çəkməlidir.

İslam
Milli.Az