XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub - FOTO

6 Oktyabr 2024 15:55

Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub.

Açılış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, incəsənət xadimləri, həmçinin kinosevərlər iştirak ediblər. 

Tədbirdə çıxış edən festivalın direktoru Fehruz Şamıyev bildirib ki, 15 ildir əzmlə yoluna davam edən festival hər il kinematoqrafçıları bir araya gətirir:

"Bu illər ərzində miqyasımızı xeyli genişləndirməyi bacarmışıq, bu bizim uğurumuzdur. Festival yerli müəllifləri stimullaşdırmaqla yanaşı, yaradıcı müzakirələr üçün imkan yaradır".

Azərbaycan Respublikası Kino Agentliyinin direktoru vəzifəsini icra edən, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu öz çıxışında festivalların əhəmiyyətindən söz açıb:

"Bakı Beynəlxalq Film Festivalı Azərbaycanın ən uzunömürlü kino festivalıdır. Kinematoqrafiyanın inkişafına təkan verən hər bir festivalı alqışlayırıq. Çox şadıq ki, belə uğurlu layihələrdən biri olan,15 illik böyük yol qət edən festivalın açılış mərasimindəyik. Bu festivalın ənənəvi olaraq keçirilməsində əməyi olan hər kəsə təşəkkür edir, iştirakçılara uğurlar arzulayıram".

Sonra festival ənənəsinə sadiq qalaraq Azərbaycan kinosundakı xidmətlərinə görə  Xalq artistləri Həmidə Ömərova və Şükufə Yusupovanı "Qızıl Nar" mükafatı ilə təltif edib. 

Daha sonra festivalın münsiflər heyətinin üzvləri səhnəyə dəvət olunub.

Diqqətə çatdırılıb ki, 15-ci yubiley açılışına bir sıra yeniliklərlə gələn festival bu ildən tammetrajlı filmlərin müsabiqəsini keçirir. Belə ki, festivalın beynəlxalq müsabiqəsində tammetrajlı bədii və qısametrajlı filmlər yarışır.

Mərasimin sonunda 2 film nümayiş olunub.

Qeyd edək ki, festival ayın 8-ə kimi davam edəcək. Bu il festival çərçivəsində ümumilikdə 26 ölkəni (Almaniya, Fransa, İtaliya, Britaniya, Koreya, Çin, Hindistan, Kolumbiya, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Moldova, Xorvatiya, İran və digərləri) əhatə edən 79 film Nizami Kino Mərkəzində beş gün müddətində nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən "Baku Cinema Breeze" (BCB) film festivalının bir hissəsidir. Bu böyük tədbirdə DokuBaku Beynəlxalq Sənədli Filmləri Festivalı, ANIMAFILM Beynəlxalq Animasiya Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya filmləri festivalı kimi tanınmış festivallar da iştirak edir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az