Zəngilandakı yeni yaşayış komplekslərində neçə mənzil olacaq? - AÇIQLAMA - FOTO

5 Oktyabr 2024 16:20

Zəngilan şəhərində inşa edilən beşinci və altıncı yaşayış komplekslərində ümumilikdə 511 mənzilin olması nəzərdə tutulut.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva deyib.

"Beşinci yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub. Kompleksin ərazisi məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir. Altıncı yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarının yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq. Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb", - deyə o bildirib.

Zəngilan 104 mənzilli yaşayış kompleksinin tikintisindən danışan İ.Rzayeva kompleksin təməlinin 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulduğunu xatırladıb.

"12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır və burada 104 mənzil inşa olunub. Kompleksdəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən istifadə edilib. Yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və şəhər parkının yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir", - deyə o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun