Övladı dövlət bağçalarına qəbul ola bilməyən valideynlər bu narahatlıqdan qurtulur. Artıq belə uşaqlar özəl bağçalara yönləndiriləcək. Onların aylıq və ya illik ödənişinin bir hissəsini isə dövlət ödəyəcək.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
O bildirib ki, müsabiqə ilə dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqlar özəl bağçalarda boş qalan yerlərə cəlb ediləcək və təhsil haqqının bir hissəsi qrant vasitəsilə maliyyələşdiriləcək. Onun sözlərinə görə, hazırda özəl təhsil müəssisələrinin seçimi aparılır və bu proses ilin sonuna kimi yekunlaşacaq.
Nazir müavini bu il marağın çoxaldığı ixtisaslar barədə də danışıb. Bildirib ki, iqlim dəyişmələri, ətraf mühitlə bağlı ixtisaslara diqqət çoxalıb. Buna görə də bu il ekologiya mühəndisliyi, hidrometeorologiya mühəndisliyi, meşəçilik, bitki mühafizəsi, su bioehtiyatları və akvabitki ixtisasları üzrə qəbul planı artırılıb.
Nazir müavini qeyd edib ki, "Yaşıl dünya naminə həmrəylik ili"ilə bağlı nazirlik təhsilin bütün səviyyələrini əhatə edən tədbirlər planı hazırlayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun