Zəminə Xınalı keçmiş məcburi köçkünləri evindən çıxarmaq istəyir: 32 il əvvəl məskunlaşıblar

4 Oktyabr 2024 10:53

Ehtiyatda olan hərbi qulluqçu, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin muzey müdiri Zəminə Bayramova (Xınalı) Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Zəminə Xınalı Yasamal rayonu ərazisində yerləşən binadakı ev üzrə mənzil hüququnun tanınmasını və həmin evdə 32 ildir yaşayan keçmiş məcburi köçkünlərin çıxarılmasını tələb edib.

O bildirib ki, 1992-ci ildə Yeni Yasamal küçəsi 1, bina 12-də yerləşən mənzilinə Şuşa rayonundan olan məcburi köçkünlər yerləşib. 32 il ərzində həmin evdə təmənnasız yaşayan Quliyevlər ailəsinin mənzilin sənədini qəsdən yoxa çıxardığını iddia edən şikayətçi Əmlak Məsələləri Dövlət Xidmətini və yerli icra hakimiyyətini məhkəməyə verərək mənzil üzərində mülkiyyət hüququnun tanınmasını və sənədlərin bərpa edilməsini tələb edib. O, həmçinin ailənin də mənzili təhvil verməsini istəyib.

Müraciət üzrə məhkəmə iclası oktyabrın 31-nə təyin edilib.

Qeyd edək ki, Zəminə Xınalı bir sıra dövlət qurumlarının marşlarının müəllifidir. Prezidentin Sərəncamı ilə 2015-ci ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun