Avtomobil radiatorlarının tıxanması mühərrikdə ciddi problemlərə, hətta onun həddindən artıq qızmasına və sıradan çıxmasına səbəb ola bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı avtomobil mütəxəssis Artyom Berezin xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, xüsusilə birinci radiatorun, istər kondisionerin kondenseri, istərsə də turbo hava soyuducusu olsun, təmizliyinə nəzarət etmək vacibdir.
"Onun çirklənməsi bütün digər radiatorların soyutma effektivliyinə mənfi təsir göstərir. Bu, xüsusilə güclü mühərriklərin həddindən artıq qızmasına səbəb ola bilər" - deyə Berezin vurğulayır.
Onun sözlərinə görə, ən effektiv, lakin ən bahalı təmizləmə üsulu - radiatorları çıxarmaqla tam yumadır.
"Bu variant avtomobilin qismən sökülməsini və sonradan kondisionerin, həmçinin antifrizin doldurulmasını nəzərdə tutur. Daha büdcəli alternativ - ön bamperin, radiator barmaqlığının və digər "örtük" elementlərinin çıxarılması və sonradan yüksəktəzyiqli isti buxarla yuyulmasıdır", - deyə mütəxəssis bildirib.
Berezin ən sadə və ucuz variantın isə adi aşağıtəzyiqli yuma olduğunu deyib.
"Lakin bu halda çirkin daha dərinə dolma riski var. Buna görə də, radiatorların təmizlənməsi üsulunun seçilməsinə məsuliyyətlə yanaşmaq, avtomobilinizin xüsusiyyətlərini və onun soyutma sistemlərinin vəziyyətini nəzərə almaq lazımdır", - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun