"Anamla çox tərəf müqabili olmuşam. "Qaynana" tamaşasının ikinci nəsil aktyorları biz olmuşuq. Bizə qədər o rolları Məmmədsadıq Nuriyev, Hacıbaba Bağırov oynayırdı. Mən Hacıbaba Bağırovun yerinə onun rolunu oynadım. O artıq yaşlanmışdı. Bizim gəlməyimiz daha doğru oldu. Çünki o yaşda idik, qardaşı yaşında deyildik. Nəsibə xanımla səhnədə oynamaq bir məktəb keçmək demək idi. Nəsibə xanım tədris praktikasının başında duran bir adam idi. Mən onunla bərabər aktyor sənətinin özünü, fəlsəfəsini anladım".
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Cahangir Novruzov deyib.
O daha sonra əlavə edib:
"Nəsibə xanımın fenomeni birincisi yüzdə-yüz Azərbaycan qadını olmasında idi. Xasiyyəti, ruhu, davranışı ilə o, bir azərbaycanlı qadını idi. Elə bir adam görmədim ki, söhbət edən 10 adamın 8-i deməsin ki, Nəsibə xanım mənim anam, nənəm, bibim, xalam kimidir. Nəsibə xanım daha çox hardasa əks tərəfi oynayıb. Qaynana kimdir? Evdəki konflikti yaradan, gəlin mənim süpürgəmdir deyən. Nəsibə xanım elə görüb, elə tərbiyə alıb, onu da elə ediblər. Anam deyirdi ki, haqsız adam yoxdur. Hər kəs haqlıdır. Amma öz aləmlərində. Çünki insan haqsız olduğunu anlarsa, vicdan əzabı çəkir. Adam özünü vuranda belə haqlı hesab edir. Hər dəfə insan özünü haqlı bilir. Nəsibə xanım Azərbaycan xarakterini gözəl bilən insan idi. Bizim üçün etnik, genetik olaraq namus çox önəmlidir. "Nənəmin şahlıq quşu" tamaşasında yeyib-içən qadın rolunu oynayırdı. Onun belə içində namus mövzusuna vuran bir teli var idi. O bu rollarla bütün baryerləri qıra bilmişdi. Onun haqqında səhv düşünən insanlar belə Nəsibə xanımın adı gələndə ayağa qalxırdılar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun