Dünya səviyyəli tədbir olan COP29-a Azərbaycanın ev sahibliyi etməsi Qərbi aşkar şəkildə narahat edir. Tədbirə sayılı günlər qalmış ərəfələrdə Azərbaycana qarşı qarayaxma kampaniyası aparılması bunun bariz nümunəsidir. Bu dəfə Qərb özü yox, kiçik dövlətləri araya qatmış kimi görünür. Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin AŞPA sessiyasındakı çıxışı bunu deməyə əsas verir.
Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis oktyabr ayının 2-də AŞPA sessiyasında çıxışı ilə gündəmə gəlib. Belə ki, Rusiya-Ukrayna müharibəsindən danışan nazir əvvəlcə Rusiyanı hədəf alıb, sonra isə Belarus və Azərbaycana qarşı ittihamlar səsləndirib.
Qabrielius Landsbergis kimdir?
Vikipediya yazır ki, Gabrielius Landsbergis 2020-ci ildən Litvanın xarici işlər naziri vəzifəsini icra edir və Litvanın xarici siyasətinin bir çox vacib aspektlərini, o cümlədən Avropa və ABŞ ilə əlaqələri, Çin ilə münasibətləri və Ukraynaya dəstəyi müzakirə edir. Onun adı bəzi mübahisəli məsələlərdə hallanıb. Landsbergisin xüsusilə 2022-ci ilin fevralında, Rusiyanın Ukraynaya hücum etdiyi dövrdə Yunanıstanda bir villa alması barədə məlumatlar yayılıb. Bu, siyasi rəqibləri tərəfindən tənqid edilib, çünki villa alışı qəribə vaxta təsadüf edib. Landsbergis isə bu tənqidlərə cavab verərək, satın alınmanın tamamilə qanuni olduğunu və bütün lazımi məlumatların açıqlanmış olduğunu vurğulayıb.
Reallıq isə tam başqadır. Strasburqdan Azərbaycana "demokratiya dərsi" verməyə çalışan, Litva rəhbərliyinə iddialı olan nazir əslində nəinki rəhbərlik, heç XİN səviyyəsinə belə uyğun deyil. Məsələn, onun Tbilisidə keçirilən müxalifətin aksiyasında iştirakı və rəsmi Tbilisinin bununla bağlı Litvaya verdiyi etirazı göstərmək olar. XİN-ə başçılıq edən şəxsin bu cür davranışın diplomatik qaydalara zidd olduğunu bilməməsi və ya qəsdən pozması peşəkarlıqdan çox uzaq göstəricidir. Aydın məsələdir ki, nazir Qərbin sifarişlərini qeyd-şərtsiz yerinə yetirir.
Azərbaycan və Litva arasında münasibətlər
Azərbaycan və Litva arasında münasibətlər tarixi, siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf edir. İki ölkə 1992-ci ildən etibarən diplomatik əlaqələr saxlayır. Ölkələr arasında ticarət dövriyyəsi artmaqdadır. Azərbaycan Litvaya neft, qaz, kimya məhsulları və kənd təsərrüfatı məhsulları ixrac edir. Litva isə Azərbaycana müxtəlif istehlak malları, texnologiyalar və xidmətlər təqdim edir. Litva Azərbaycan iqtisadiyyatına investisiya yatırmağı planlaşdırır və Azərbaycan da Litvada müxtəlif sahələrdə investisiyalar etməkdədir. İki ölkə arasında mədəniyyət mübadiləsi həyata keçirilir, Azərbaycan və Litva mədəniyyətini tanıtmaq məqsədilə müxtəlif tədbirlər, sərgilər və festivalar təşkil edilir. Hər iki ölkə arasında siyasi dialoq mövcuddur.
Göründüyü kimi, ölkələr arası münasibətlər normaldır. Lakin, Landbergis Qərbin sifarişini icra etməklə, faktiki olaraq, Litva-Azərbaycan münasibətlərini pozur.
Litvada slavyanafobiya
Litvada slavyanafobiya, yəni slavyanlara qarşı mənfi münasibət xüsusilə Rusiya və Belarus vətəndaşlarına qarşı hiss edilən narazılıqlar nəticəsində daha çox diqqət çəkib. Bu narazılıqlar, bir sıra geosiyasi və tarixi faktorlarla əlaqədardır: Litva, keçmiş Sovet İttifaqının bir hissəsi olub və bu dövrdə Moskva ilə əlaqədar travmalar hələ də ölkədə qalmaqdadır. Rusiyanın mövqeyi Litvada slavyanlara, xüsusilə də ruslara qarşı narazılığı artırıb. Litvada ruslara qarşı mənfi münasibət, qismən Rusiyanın siyasi təsirinə qarşı çıxış forması kimi də qəbul edilir. Litvada rus dili hələ də geniş şəkildə danışılır, lakin bəzi dairələrdə rusdilli əhali ilə yerli litvalılar arasında mədəni və dil fərqlərinə görə gərginliklər yaşanır. Bu da bəzi hallarda slavyanafobiyaya gətirib çıxarır.
Litva formal suverenliyi olan, antisemitizm, islamafobiya və slavyanafomiyanın səviyyəsinin yüksək olduğu bir dövlətdir. Ümumiyyətlə, son vaxtlar Litva Azərbaycana qarşı Qərbdən gələn təzyiq və şantaj kampaniyasında aktivlik göstərir. Lakin, onlar nəzərə almır ki, Litvanın bu gün faktiki olaraq vassal dövlət olması və öz siyasətini yalnız Qərbdən gələn tapşırıq və sifarişlərə uyğun qurması sirr deyil. Bu baxımdan Litvanın XİN başçısının başqalarına dərs keçməsi gülüncdür.
İslam
Milli.Az