“Atam dedi ki, ananızdan ayırsanız məni qəbirdə narahat edərsiz” - FOTO

3 Oktyabr 2024 15:12

"Atamın doğulduğu Füzulinin Qoçəhmədli kəndinə hələ getməmişəm. Qohum-əqrabadan gedənlər olub. Atamın orada bir yerdə evi olmayıb. Bir neçə yerdə evi olub. Əmim uşaqları danışır ki, dədənin məscidin yanında da evi olub. 5 yerdə evi olub. Sonradan həmin yerlər sürüşmə zonası olduğu üçün yaşamaq üçün yararlı olmayıb. Atam gəlib görüb ki, ev dağılıb, qəzalı vəziyyətə düşüb. Atamın evinin təkcə bir parçası qalıb. Əmim uşaqları babamın, nənəmin məzarlarını tapıblar. Ermənilər onları da dağıdıb, salamat qoymayıblar. O görüntüləri izləyib o qədər ağlamışam ki.."
 
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Süleyman Abdullayevin qızı Aygün Abdullayeva deyib.
 
Sənətkarın qızı "Atanızın məzarını doğma Qoçəhmədli kəndinə köçürmək istərdiniz?" sualına belə cavab verib:
 
"Tez-tez atamın məzarını ziyarət edirəm, gedib dərdləşirəm, ağlayıb gəlirəm. Atamı o biri dünyada da yad edirik. Həmişə məzarlığa gedəndə ağlamışam, çıxanda isə nəsə bir hadisə olub gülüb qayıtmışam. Onlar mənim ağlamağımı belə istəmirlər. Mənim anam atamdan əvvəl rəhmətə gedib. Dədə vəsiyyət etmişdi ki, məni anamızın yanında dəfn edin. Anam rəhmətə gedəndən sonra atamın üzü gülmədi. Hətta dedim ki, dədə, Qoçəhmədli düşmən tapdağından azad olunanda səni orada dəfn etməyək? Çünki anası da, atası da o torpaqdadır. Dedi ki, məni qəbirdə narahat edərsiz. O köçürməni elə bilirsiz ki, mən istəmirəm? Mənə icazə versələr babamın, nənəmin məzarını Bakıya köçürərdim. Özüm də rahat olardım. Hətta deyirdi ki, birdən məni Fəxri Xiyabanda dəfn etmək istəyərlər, sən onlara təşəkkür et, amma orada dəfn etmə".
 
Aygün xanım ehtimal edib ki, aparıcı Nanə Ağamalıyeva ondan incik düşüb:
 
"Bilirsiniz ki, atam sağlığında efirlərdən birində Qoçəhmədlidəki evlərindən birini Nanə xanıma verdiyini bildirmişdi. Bəzi jurnalistlər bu məsələni lazımsız məcraya yönəltdilər. Atamın ağzından çıxan söz bizim üçün qanundur. O nə deyirsə o da olmalıdır. Sözümüzün üstündə dururuq. Nanə xanım da atamın bir balasıdır. Mənim atam arada xəstələndi, şəkəri oldu, komaya düşdü. Nanə xanım "Nanəli" verilişini açdı və atamı o verilişə dəvət etdi. Atam da diqqəti çox yüksək qiymətləndirirdi. Atam bu hadisədən sonra onu çox istəməyə başladı. O da fikirləşib ki, 5 yerdə evi var. Nanə xanımın bəyəm maşını, evi yoxdur?! Atam deyirdi ki, Nanə xanım milli musiqimizə, muğamlarımıza o qədər dəyər verir, təbliğ edir ki, mən istərdim ki, gələcəkdə Qoçəhmədli kəndi işğaldan azad olunanda Nanə xanım orada mənim ev muzeyimi yaratsın. Atam çox gözəl bilirdi ki, Nanə xanımın bu işləri görməyə imkanı var. O istəyirdi ki, Nanə xanım onun xatirəsini yaşatsın. O fikirləşirdi ki, mənim imkanlarım məhduddur, bunu Nanə xanım edə bilər. Nanə xanım atama o qədər yaxşılıqlar edib ki... Atam bir tikə çörəyini hər kəslə bölüşən insan idi. Elə biz də.. Yaxşılıqdan başqa bu dünyadan nə apara bilərik ki?".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun