Zurabişvilinin imtina etdiyi qanunu o imzaladı

3 Oktyabr 2024 11:57

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə LGBT-nin təbliğatını qadağan edən qanunu imzalayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Papuaşvili öz feysbuk hesabında paylaşıb. 

"Bu gün Salome Zarubaşvilinin imzalamaqdan imtina etdiyi "Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayan şəxslərin mühafizəsinə dair" qanunu imzalayıram", - deyə o qeyd edib. 

Spiker əlavə edib ki, sözügedən qanun sağlam düşüncəyə, tarixi təcrübəyə və əsrlərlə möhkəmlənən xristian, gürcü və Avropa dəyərlərinə əsaslanır. 

Xatırladaq ki, Gürcüstan parlamenti sentyabrın 17-də ölkədə LGBT-nin təbliğini, cinsin dəyişdirilməsini və eynicinslilərin nikahını qadağan edən qanunu üçüncü oxunuşda qəbul edib. Qanun imzalanması üçün Gürcüstan Prezidenti Salome Zurabişviliyə göndərilmişdi. Lakin dünən yayılan xəbərə görə, prezident qanunu imzalamayıb və parlamentə geri göndərib. 

Onu da qeyd edək ki, Gürcüstan qanunvericiliyinə əsasən, prezident qanunu imzalamaqdan imtina edirsə və ona veto qoymursa, sənədi parlamentin spikeri imzalayır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun