İran-İsrail qarşıdurmasının Azərbaycan üçün riskləri nədir? - Türkiyə müharibəyə qoşularsa... - Açıqlama

3 Oktyabr 2024 09:35

Oktyabrın 1-də İran İsrailə qarşı genişmiqyaslı raket hücumu həyata keçirib. İran 180-dən çox ballistik raket atıb. İran bu hücumu "özünümüdafiə" kimi əsaslandırıb və bunu İsrail tərəfindən İranla əlaqəli bəzi şəxslərin, o cümlədən Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsinə cavab olaraq həyata keçirdiyini bildirib. Hücumun əsas hədəfləri arasında Yerusəlim və Tel-Əviv kimi böyük şəhərlər də olub.

Böyük dövlətlər genişmiqyaslı müharibənin fəlakətə səbəb ola biləcəyini anladığı üçün məsələni diplomatik yolla həllinə çalışsa da, müharibə riski hər zaman var. Eləcə də, bu qarşıdurmanın Azərbaycana da təsirləri olacaq.

Siyasi şərhçi Asif Nərimanlı düşünür ki, İran-İsrail qarşıdurması Azərbaycan üçün də risklər vəd edir:

"Toqquşma regional müharibəyə çevrilərsə Cənubi Azərbaycandan köç dalğası ilə üzləşə bilərik. Bundan əlavə, "Sionistləri Araz sahilində" axtaran SEPAH "İsrail bazaları" iddiası ilə qarşıdurmanı Azərbaycan üzərinə köçürməyə cəhdlər edə bilər. Necə ki, İranın Dəməşqdəki konsulluğu vurulanda Tehranda belə çağırışlar gündəmə gəlmişdi. Həmçinin, gərginlik davam edərsə, Bakıya qarşı "İsrailin müttəfiqi" iddiası ilə ritorik hücumlar edilə bilər.

O bildirib ki, Azərbaycanın bu risklərə qarşı  sərhədlərini gücləndirməsi, paralel olaraq, neytral mövqeyini hər iki paytaxta yenidən xatırlatması zərurəti yarana bilər.

Türkiyə müharibəyə qoşularsa...

Ekspert Türkiyənin müharibəyə qoşulmayacağını düşünür: "Türkiyə müharibəyə qoşulmayacaq, amma deyək ki belə bir şey bas verərsə, biz yenə də sona qədər neytrallığı qoruyacağıq. Türkiyə ilə müqavilələr bizim də Ankara tərəfindən döyüşməyimizi şərtləndirə bilər, lakin müharibə olarsa, bu Türkiyənin ərazisində olmayacaq, yaxud Türkiyə sərhədlərinə təhlükə yaranmayacaq. O baxımdan, müqavilələr də neytral qalmağımıza mane olmur. Sadəcə siyasi baxımdan dəstək verə bilərik".

İslam
Milli.Az