Meksikada əsgərlər miqrantları atəşə tutdu, ölənlər var

3 Oktyabr 2024 15:49

Meksikada Qvatemala ilə sərhəddə yerləşən Çiyapas bölgəsində patrul xidməti aparan əsgərlərdən yolsuzluq avtomobilləri ilə qaçmağa çalışan 33 nəfərlik miqrant qrupuna hərbçilərin açdığı atəş nəticəsində 6 nəfər həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Meksika Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Nazirlik bildirib ki, açılan atəşdən sonra dayandırılan nəqliyyat vasitəsində Kuba, Hindistan, Nepal, Pakistan və ərəb ölkələrindən olan 33 miqrant olub.

"4 nəfər həlak olub, 12 nəfər yaralanıb, 17 nəfər xəsarət almayıb. Hərbçilər yaralılara ilkin tibbi yardım göstərib, onları dərhal avtomobillə müvafiq tibb müəssisəsinə çatdırıblar. Təəssüf ki, daha iki nəfər xəstəxanada dünyasını dəyişib", Meksika MN-nin açıqlamasında deyilir.

Atəş açan iki əsgər isə xidmətdən uzaqlaşdırılıb. Baş Prokurorluq onların məsuliyyət səviyyəsini müəyyən etmək və əməllərinin hərbi intizamın pozulması ilə bağlı olub-olmamasını müəyyən etmək üçün araşdırma aparacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun