Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər

2 Oktyabr 2024 16:39

Özünü İdeal partiyasının rəhbəri kimi təqdim edən, eyniadlı saytın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq olunan iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Cavid Hüseynovun sədrlik edəcəyi işin hazırlıq iclası oktyabrın 11-nə təyin edilib. 

Nazim Quliyevə yekun olaraq Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə-xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan edilib. Bu maddələrin sanksiya həddində 10 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, N.Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 11 il sonra - 2020-ci ildə azadlığa buraxılıb.

O, bu ilin aprelində vətəndaş şikayətləri əsasında BMCMİ-əməkdaşları tərəfindən yenidən cinayət məsuliyyətinə cəlb edilib, barəsində məhkəmə qərarı ilə həbs qərarı verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun