Azərbaycan və Panama arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
29 İyun 2012 12:20
Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Panama Respublikasında səfir təyin edilməsi ilə əlaqədar etimadnamələrini Panama Prezidenti Rikardo Martinelli və xarici işlər naziri Roberto Enrikesə təqdim edib.
Azərbaycanın Meksikadakı səfirliyindən cümə günü Trend-ə verilən məlumata görə, Panama Prezidenti ilə görüş zamanı səfir Muxtarov Martinelliyə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.
Səfir Panama Prezidenti və xarici işlər nazirinə Azərbaycanın dövlətçilik tarixi, enerji sektorunun yaranması və inkişafı, ölkəmizin iqtisadi potensialı, mövcud biznes mühiti barədə məlumat verib.
Səfir, həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi və münaqişənin həlli istiqamətində davam edən beynəlxalq danışıqlar prosesi barədə də danışıb.
Tərəflər Azərbaycan və Panama arasında geniş spektrdə münasibətlərin inkişafı, o cümlədən enerji sektorunda əməkdaşlıq perspektivləri, siyasi əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində Muxtarov Panamanın enerji naziri Xuan Manuel Urriola ilə də görüşüb.
Səfir Azərbaycanın enerji siyasəti və regionda mövcud ümumi geosiyasi vəziyyətdən söz açaraq, Azərbaycanda həyata keçirilən irimiqyaslı beynəlxalq enerji layihələri və iki ölkə arasında mümkün əməkdaşlıq sahələri barədə Panamanın enerji nazirinə məlumat verib.
Öz növbəsində, nazir Urriola öz ölkəsinin Azərbaycanla enerji sektorunda əməkdaşlıq etməyə maraqlı olduğunu diqqətə çatdıraraq, Panamada həyata keçirilən beynəlxalq layihələr və qarşılıqlı investisiya imkanlarından bəhs edib.
Səfir, həmçinin Panama Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmilərindən ibarət geniş tərkibli işçi qrupu ilə görüşüb.
Görüş zamanı, ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sektorunda əməkdaşlıq, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri müzakirə edilib. Tərəflər iki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmə mexanizminin həyata keçirilməsi barədə razılığa gəliblər.
Muxtarov, habelə Panama Diplomatik Akademiyasının rəhbərliyi ilə görüş keçirib. Görüş zamanı Muxtarov Azərbaycan Diplomatik Akademiyası tərəfindən xarici tələbələr üçün həyata keçirilən təqaüdlü təhsil layihələri barədə məlumat verib. Tərəflər iki ölkənin diplomatik akademiyaları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.
Panamaya səfəri zamanı Səfir Muxtarov, həmçinin xarici ticarət nazirinin müavini Xose Paçeko Texeira, Panamanın müxtəlif sahələrdə özəl sektoru təmsil edən iş adamları ilə görüşlər keçirib, həmçinin Panama Kanalı və vergilərdən azad ticarət zonası olan "Sakit Okean Panaması" (Panama Pacifico) kimi nəzərdə tutulan beynəlxalq iqtisadi əməkdaşlıq layihələri ilə tanışlıq məqsədi ilə XİN tərəfindən təşkil edilmiş işgüzar ekskursiyada iştirak edib.
Milli.Az