Yaponiyanın Azərbaycandakı səfiri Gəncədə olub

26 May 2010 18:37
Səfərdə məqsəd Yaponiya Hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı" çərçivəsində Gəncə təhsil mərkəzinin avadanlığının yeniləşdirilməsi layihəsinin başa çatması və sənət-təhsil mərkəzinin açılışına həsr edilmiş mərasimdə iştirak etmək olub. Mərasimdə çıxış edən yaponiyalı diplomat təmsil etdiyi hökumətin dəstəyi ilə Gəncədə indiyədək 7 layihənin həyata keçirildiyini deyib və əsasən səhiyyə, təhsil və məcburi köçkünlərin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına yönəldilmiş bu layihələrin çox uğurla başa çatdığını bildirib.

Gəncə şəhərində məskunlaşmış məcburi köçkün ailələrinin uşaqları da daxil olmaqla, 500 nəfərin faydalanması nəzərdə tutulmuş bu layihənin də uğurla həyata keçəcəyinə əminlik ifadə edən səfir belə layihələrin bundan sonra da reallaşdırılacağını vurğulayıb.

Mərasimdə Gəncə şəhər İcra hakimiyyətinin şöbə müdiri Ruslan Qardaşov Azərbaycanda ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncədə həyata keçirdiyi xeyirxah işlərə görə Yaponiya hökumətinə və şəxsən səfir Masamitsu Okiyə minnətdarlıq etmiş və diplomata xatirə olaraq üzərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti olan xalça hədiyyə edib.

Sonra mərasim iştirakçıları sənət-təhsil mərkəzində yaradılmış şərait və quraşdırılmış müasir avadanlığın iş prinsipi ilə yaxından tanış olublar.

/AzərTAc/